REGİONLAR
“GünazTV”nin rəhbəri Əhməd Obalı Ağalı kəndində olub VİDEO
Zəngilan, 4 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Dekabrın 4-də Güney Azərbaycanın milli fəalı, “GünazTV”nin rəhbəri Əhməd Obalının Cəbrayıla və Zəngilana səfərinin növbəti ünvanı Ağalı kəndi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət edən Əhməd Obalı Ağalı kəndinə gələn zaman Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov tərəfindən qarşılanıb. Əhməd Obalıya Zəngilan rayonu barədə məlumat verilib. Bildirilib ki, digər rayonlar kimi Zəngilan da 27 il müddətində düşmən işğalında qaldığı zaman şəhər mərkəzi ilə bərabər 5 qəsəbə və 79 kənd tamamilə yerlə yeksan edilib. 2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribatına qarşı başlanan Azərbaycan Ordusunun əks-həmləsi nəticəsində Zəngilan erməni işğalından azad edilərək əsl sahiblərinin nəzarətinə keçib. Vurğulanıb ki, 27 il düşmən əsarətində qalan Zəngilan artıq iki ildir çiçəklənməyə başlayıb. Bu günədək Ağalı kəndində 66 ailə olmaqla 326 nəfər sakin doğma yurduna qovuşub. Həmçinin diqqətə çatdırılıb ki, Ağalıda 200 evin inşası başa çatdırılıb, uşaq bağçası, məktəb və bir neçə inzibati bina da inşa edilib. Həmçinin kənddə daha 150 evin tikilməsi də planlaşdırılır.
Həmçinin qeyd edilib ki, Zəngilanda mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə köhnə Zəngilan şəhər məscidinin əsaslı şəkildə təmiri həyata keçirilir, yaxınlıqda isə şəhərin ümumi insan sayını nəzərə alaraq yeni daha böyük məscidin tikintisinə başlanılıb. Həmçinin Zəngilanda İşğal, Zəfər muzeyləri komplekslərinin, yaşayış məhəlləsinin təməli qoyulub. Zəngilan ərazisindən keçən Horadiz-Ağbənd dəmir yolu, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.