SİYASƏT
Gündəlik “Veçerniy Murmansk” qəzeti soydaşlarımız haqqında yazır
Bakı, 21 iyun (AZƏRTAC). Murmansk şəhərində çıxan gündəlik “Veçerniy Murmansk” qəzetində Rasif və Asif İslamov qardaşları haqqında məqalə dərc edilmişdir. “Mədəniyyət. Şöhrət anı” sərlövhəli məqalədə qeyd edilir ki, Murmanskda yaradıcı gənclər üçün təşkil edilmiş “A-talant” layihəsi başa çatmışdır. Müsabiqədə 40-a yaxın istedadlı Murmansk sakini iştirak etmişdir. Müsabiqənin əsas mükafatı – Moskvaya “Şöhrət anı” adlı kastinq-şouya səfər hamını şirnikdirirdi. Müsabiqənin təşkilatçıları ən istedadlı iştirakçılara mükafat kimi onların yol xərclərini və Moskvada qalmaq xərclərini ödəməyi təklif edirlər. Layihənin nümayəndələrindən biri İlya Kamyu bildirmişdir ki, bəzi adamlar Murmansk müsabiqəsində qalib gəlməyin “Şöhrət anı” telelayihəsində iştirak etməyə zəmanət verməsini güman edirlər. Əslində isə belə deyil.
İlya bu fikri izah edərək demişdir: “Məsələ belə deyil, biz “Şöhrət anı” layihəsində kastinq ilə məşğul olan komandaların mütəxəssisləri ilə söhbət etmişik. Onlar sevinirlər ki, bizim regionun nümayəndələri özlərini göstərmək istəyəcəklər, lakin onların uğuru və ya uğursuzluğu uşaqların özlərinin kastinqdə çıxışından asılı olacaqdır”.
Məqalənin müəllifi Yelizaveta Mitina yazır ki, final şousuna 14 iştirakçı çatmışdır. Onların arasında əkiz qardaşlar - Rasif və Asif İslamov da var. Bu qardaşlar bir neçə il bundan əvvəl “Şöhrət anı” kastinqinə getmiş, lakin müsabiqənin televiziya versiyasına keçə bilməmişlər. Qardaşlardan bu dəfə müsabiqədə nə məqsədlə iştirak etdiklərini soruşanda onlar bir səslə demişlər:
-Özümüzü yoxlamaq istəyirik. Görək bu müsabiqənin öhdəsindən gələ biləcəyikmi, tamaşaçılar bizi sevirmi? Həm də başqa gənclərə baxmaq da maraqlıdır.
2008-ci ildə İslamov qardaşları Moskva şousunda nəyin bahasına olursa-olsun iştirak etməyi qərara almışdılar. Rasif və Asif həmin günləri xatırlayaraq deyirlər:
-O vaxt hər şey göydəndüşmə oldu, getdik, birinci seçim turundan uğurla çıxıb ikinci tura düşdük. O vaxt iştirakçıların sayı o qədər çox idi ki, hamının məşq etməsinə yer çatışmırdı. Murmansk sakinləri öz müsabiqə nömrələrini mehmanxananın qarşısındakı asfaltda məşq etməli olurdular.
Lakin qardaşlar “televizora” düşə bilmədilər. Onlar zarafatla deyirlər: “Zəif idik”. Bu dəfə onlar münsiflər heyətinin üzvlərinə breyk-dans üslubunda rəqs nömrəsi nümayiş etdirmişlər. Onlar polisdən yaxa qurtarmağa çalışan banditlər rolunda çıxış edirlər. Rəqsin əvvəlindən axırına qədər əkiz qardaşlar içərisində nə olması bilinməyən “oğurluq” kisəni polislərdən xilas etməyə çalışırlar. Lap sonda isə həmin kisədən nə çıxsa yaxşıdır – münsiflər heyətindəki xanım üçün gül dəstəsi!