REGİONLAR
Gündüz İsmayılov: Bəzən dünyəvilik anlayışının dini dəyərlərlə ziddiyyət təşkil etməsi barədə əsassız fikirlər səsləndirilir
İmişli, 28 noyabr, Mahir Babayev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans noyabrın 28-də işini panel iclasla davam etdirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəb direktorlarının, onların təlim-tərbiyə işləri üzrə müavinlərinin, ümumtəhsil məktəblərində çalışan psixoloqların, “Həyat bilgisi” fənnini tədris edən müəllimlərin iştirakı ilə keçən tədbirdə İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Cabbarova rayondakı dini durumdan, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdən danışıb.
“Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda məruzə ilə çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov dini radikalizm və ekstremizmə qarşı mübarizə tədbirlərindən söz açıb. Bu istiqamətdə əsas vasitənin maarifləndirmə metodu olduğunu qeyd edən sədr müavini gənclərin düzgün dini biliklərə yiyələnmələrinin vacibliyini vurğulayıb və bu istiqamətdə çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Dünyanın bir çox ölkələrində baş verən münaqişələrin, vətəndaş müharibələrinin bir hissəsinin dini zəmində olduğunu bildirən G.İsmayılov dinin əsas mahiyyətini nəzərə almayaraq ondan öz maraqları naminə yararlanmaq kimi mənfi halların törətdiyi fəsadlardan danışıb. Bildirib ki, bəzən dini dəyərlərlə dünyəvi dəyərlər qarşılaşdırılır, dünyəvilik anlayışının dini dəyərlərlə ziddiyyət təşkil etməsi barədə əsassız fikirlər səsləndirilir.
Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsini bütün dünyada yüksək qiymətləndirildiyini söyləyən G.İsmayılov ölkəmizdə bütün dini konfessiyaların qanun qarşısında eyni statusa malik olduğunu qeyd edib.
İmişli Rayon Təhsil Şöbəsinin əməkdaşı Sevdimalı Hüseynov gənclərin dini radikalizmin təsirlərindən uzaq olmaları üçün keçirilən dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, gənclərin elmə, təhsilə yiyələnmələri daim diqqətdə saxlanmalı, dini bilgilər onlara düzgün çatdırılmalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.