CƏMİYYƏT


Gündüz İsmayılov: Dini sabitliyin qorunub saxlanılmasında maarifləndirmə faktoru önəmli rol oynayır

Bakı, 27 fevral, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Balakən Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda ikigünlük seminar-treninq keçirilib.

Dövlət komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gəncləri iştirak ediblər. Seminar-treninqi giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aqil Babayev rayondakı dini durum barədə məlumat verib. Vurğulayıb ki, rayonda mövcud olan məscidlərdə vətəndaşlar sərbəst şəkildə dini ayinlərini icra edirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, ölkəmiz Şərqlə Qərbin, müxtəlif dinlərin qovuşduğu məkanda yerləşir. Gündüz İsmayılovun sözlərinə görə, Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri yaşayır və dini etiqadlarını sərbəst şəkildə həyata keçirirlər. “Dünyada dini zəmində baş verən proseslər hamıya bəllidir. Bir çox yaxın ölkələrdə müxtəlif cərəyanlar hökm sürur. Ətrafda baş verən proseslərə rəğmən dini sabitliyi qoruyub saxlamaq olduqca çətin və ağırdır. Bu nailiyyət müvafiq qurumların fəaliyyəti ilə yanaşı, xalqımızın malik olduğu yüksək tolerantlıq, Vətənə və dövlətə bağlılığın nəticəsidir”, - deyə Dövlət Komitəsinin sədr müavini əlavə edib.

Gündüz İsmayılov onu da vurğulayıb ki, respublikamızda mövcud olan dini etiqad azadlığı insanpərvərlik prinsiplərinə zidd olmayan dinlərin və dini cərəyanların ölkəmizdə sərbəst fəaliyyətinə zəmanət verir. Onun sözlərinə görə, lakin bu prinsiplərdən kənara çıxan əqidələrin ölkəmizə ayaq açması yolverilməzdir. DQİDK-nın sədr müavini deyib ki, dini sabitliyin qorunub saxlanılmasında maarifləndirmə faktoru önəmli rol oynayır.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev mövzu ilə bağlı fikirlərini bildirib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.