CƏMİYYƏT
Gündüz İsmayılov: Radikal dini qrupların Azərbaycanda ciddi dayaqları yoxdur
Bakı, 17 avqust, AZƏRTAC
Ötən illərlə müqayisədə Azərbaycanda dini radikalizm təhdidləri ilə bağlı vəziyyət xeyli yaxşılaşıb. Bu sahədəki təhdidlərin xeyli hissəsinin aradan qalxdığını demək olar.
AZƏRTAC xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında deyib.
G.İsmayılov bildirib ki, bu, həm inzibati, həm iqtisadi sahədə dini radikal təşkilatlara qarşı aparılan mübarizə, eyni zamanda, maarifçilik sahəsində görülən işlərlə əlaqədardır. Radikal dini qrupların Azərbaycanda ciddi dayaqları yoxdur, belə dayaqların olması da mümkün deyil. Dini radikalizm savadsızlıq, xurafat, təhsildən yayınma meyilləri olan ölkələrdə, bölgələrdə yayılır. Biz də əsasən xurafat meyillərinə qarşı mübarizə aparırıq.
Sədr müavini qeyd edib ki, Azərbaycanda son illər ölkədən kənardakı münaqişə zonalarında silahlı birləşmələrə qoşulma halı qeydə alınmayıb. Bunun özü də deməyə əsas verir ki, Azərbaycanda dini radikalizmə qarşı görülən işlərin konkret nəticələri var. Hansısa radikal dini, terror qruplarının Azərbaycana təsir etməsi real deyil. Çünki Azərbaycanın iqtisadi imkanları, hüquq mühafizə orqanlarının bu sahədə fəaliyyəti, eyni zamanda, paralel olaraq aparılan ideoloji iş bu cür qrupların Azərbaycanda özlərinə dayaq tapmasını mümkünsüz edir.