REGİONLAR


Günəbaxan sahələrində məhsul yığımına başlanılıb

Bakı, 4 avqust, AZƏRTAC

Respublikanın günəbaxan sahələrində məhsul yığımına start verilib. Günəbaxan əksər bölgələrdə rayonlaşdırılmış bitki sayılır. Günəbaxan sahələrinin böyük əksəriyyəti Gəncə-Daşkəsən, Qarabağ və Qazax-Tovuz iqtisadi rayonlarının ərazisindədir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu il Azərbaycanda təxminən 11 min hektara yaxın sahədə günəbaxan əkilib. Əkin sahələrinin 2525 hektarı Goranboy, 2331 hektarı Tərtər, 1791 hektarı Samux, 979 hektarı Ağstafa, 935 hektarı Şəmkir rayonunun payına düşür.

Günəbaxan ən gəlirli və əməktutumlu bitki növlərindən sayılır. Kənd yerlərində gəlirlərin formalaşmasında və məşğulluğun artmasında bu bitkinin becərilməsinin böyük rolu var. Bitkinin tam vegetasiya müddəti iyulun sonlarında başa çatır, məhsul yığımına isə avqustun əvvəllərində start verilir.

Ötən il Azərbaycanda 11 min 16 hektar sahədə günəbaxan əkilib. Mövsümün sonunda sahələrdən 24 min 574 ton məhsul yığılıb. Günəbaxan üzrə orta məhsuldarlıq 22,4 sentner təşkil edib.

Qeyd edək ki, günəbaxan əsasən yağlı bitki kimi becərilir. Müasir sortların tərkibində yağın miqdarı 50-52 faizə çatır. Bitki yağlarının böyük ərzaq və texniki əhəmiyyəti vardır. Günəbaxan yağından yeyinti sənayesində, konserv, qənnadı məmulatı, marqarin hazırlanmasında geniş istifadə edilir. Eyni zamanda, lak-boya, sabun bişirmə, gön-dəri aşılama, ətriyyat, toxuculuq və s. sənaye sahələrində istifadə olunur.

Günəbaxan toxumlarının qabığından xammal kimi sənayedə heksoz və pentoz şəkərlərinin alınmasında istifadə olunur. Bunlardan da süni lif, plastmas, qırılmayan şüşələr və s. hazırlanmasında istifadə edilır. Yağlı bitkilər həm də bitki zülalı mənbəyidirlər. Toxumların yağı emal edilərkən qalan jmıx və cecədə 35-40 faiz zülal olur. Yağın emalından sonra qalan cecənin bir sentneri 102 yem vahidinə, yaxud 3,6 kq proteinə bərabərdir. Günəbaxanın yaşıl kütləsindən iribuynuzlu mal-qara üçün yem və keyfiyyətli silos alınır. Səbətdən hazırlanmış 1 sentner unun yem vahidi 80 kq-a, asan həzm olunan protein isə 3,8-4,3 kq-a bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.