REGİONLAR


Günel Hüseynovanın Sumqayıtda ikinci fərdi sərgisi açılıb

Sumqayıt, 15 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə modelyer-rəssam Günel Hüseynovanın “Hər uşaq bir çiçəkdir” adlı ikinci fərdi sərgisinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Dövlət Rəsm Qalereyasının sərgi salonu həmin gün çiçəklər geyimini məharətlə daşıyan uşaqların, onların sevincli anlarını fərəhlə yaşayan valideynlərin, qonaqların ixtiyarına verilib. İstedadlı gənc, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, incə zövqlü, maraqlı ideyaların müəllifi, yaradıcı düşüncə sahibi olan Günel Hüseynovanın hazırladığı uşaq geyimləri kolleksiyasının nümayışı böyük maraqla qarşılanıb.

Öncə çıxış edən 4 saylı Diyarşünaslıq klubunun nəzdində fəaliyyət göstərən “Buratino” rəqs qrupunun, gənc ifaçıların mahnı sovqatı, bədii gimnastika nümunələri tədbirə xüsusi rəng qatıb, pozitiv ovqat yaradıb.

Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi “Ağ çiçəyim” mahnısının sədaları altında uşaqlar hərəsi bir gül çiçəyi geyimində podiuma çıxıb. İlk dəfə olaraq tamaşaçı qarşına çıxan balaca “manekenlər” G.Huseynovanın bir il ərzində hazırladığı biri-birindən gözəl, rəngarəng uşaq geyimini təqdim ediblər.

Kolleksiyasını Sumqayıtın 70 illik yubileyinə ərməğan edən G.Hüseynova xüsusi məharətlə işlədiyi 20 batika üsulu (parça üzərində xüsusi boyalarla) ilə işlənmiş uşaq geyimləri və 30-a yaxın dekorativ-tətbiqi sənət əsərləri nümayiş olunub.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsul işçisi Bayram Cəfərov, AMEA–nın Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov, valideynlər adından şəhər maliyyə idarəsinin məsul işçisi İndira Şəmsivari, Əməkdar mədəniyyət işçisi Ətrabə Rzayeva, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova müəllifi təbrik edib, uşaqlara minnətdarlığını bildiriblər.

Sonda kolleksiyanı nümayiş edən fidanlar Sumqayıt Dövlət Rəsm Qalereyasının fəxri fərmanı ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.