CƏMİYYƏT


Günərzi mərkəzlər çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışına imkan verir

Bakı, 9 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları tərəfindən icra olunan sosial xidmət layihələrinin bir istiqaməti də ölkəmizin müxtəlif bölgələrində günərzi mərkəzlərin yaradılmasına yönəlib. Nazirliyin sifarişi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən icra olunan müvafiq layihə çərçivəsində Masallı və Zaqatala rayonlarında da günərzi mərkəzlər yaradılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hər iki mərkəz çətin həyat şəraitində olan 3-12 yaşarası 60-dək uşağı reabilitasiya məqsədli sosial xidmətlərlə təmin edir. Onlardan bir hissəsi sağlamlıq imkanları məhdud olan uşaqlardır.

Mərkəzlərdə uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər görülür. Onlar maraq və bacarıqlarından asılı olaraq dərnəklərə cəlb edilir, eyni zamanda məktəbdə oxuyan uşaqların ev tapşırıqlarının hazırlanmasına kömək göstərilir. Uşaqların psixo-sosial inkişafı məqsədilə mərkəzlərdə sosial işçilər, pedaqoqlar, tərbiyəçilər və psixoloqlar çalışırlar. Uşaqlar gün ərzində 3 dəfə yeməklə təmin olunurlar.

Ölkəmizin bölgələrində fəaliyyət göstərən günərzi mərkəzlərdə aparılan işlər nəticə etibarilə çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışına imkan yaradır və həmin kateqoriyadan olan uşaqlarla aparılan səmərəli işlər onların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına öz töhfəsini verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.