CƏMİYYƏT
Günəş radiasiyalı rayonların sakinləri gözdə pterigium pərdəsinin inkişafına daha çox məruz qalırlar
Bakı, 18 iyul, AZƏRTAC
Pterigium (qanadşəkilli pərdə) – bu konyunktivin gözdə buynuz maddənin üzərini örtməsidir. Əksər hallarda pterigium burun tərəfdən inkişaf edir və yaşlı adamlarda rast gəlinir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yüksək günəş radiasiyalı rayonların sakinləri və açıq səma altında çox vaxt keçirən insanlar bu pərdənin inkişaf etməsinə daha çox məruz qalırlar. Pterigium adi gözlə görünür.
Astiqmatizm səbəbindən görmə itiliyinin aşağı düşməsi, həmçinin gözün qıcıqlanması, qızarması və gözlərin sulanması simptomların sırasına daxildir. Bəzi hallarda qanadşəkilli pərdə böyümür, digər hallarda isə kifayət dərəcədə sürətlə buynuz təbəqənin mərkəzinə doğru hərəkət edir. Belə hallarda pterigiumun götürülməsi üzrə əməliyyat qaçılmaz olur.
Pterigiumun yaranması və böyüməsində günəş şüalanmasının müəyyən rolu olduğundan, günəşdən, tozdan və küləkdən gözləri qorumaq tövsiyə edilir. Süni göz yaşı preparatının damcıladılması hədsiz qıcıqlanmadan xilas edə bilər. Bəzi hallarda iltihabı azaltmaq məqsədilə steroidli damcılar təyin edilir.
İnkişaf edən pterigium buynuz təbəqənin üstü ilə bəbəyin kənarına kimi gəlir və sonra onu örtür.
Pterigium cərrahi yolla müalicə edilir. Əməliyyat çox zaman ambulator şəkildə aparılır. Bəzi xəstələr pterigiumu katarakta ilə qarışdırırlar. Pterigium gözün səthində yerləşir. Əməliyyat zamanı bu pərdə buynuz təbəqənin üzərindən götürülür. Katarakta zamanı isə bulanmış göz bülluru gözün içindən götürülür.