REGİONLAR


Günəşin əbədi parladığı məkan - Xanəgah

Culfa, 21 iyun, AZƏRTAC

Tarixi abidələrlə zəngin olan Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanəgah kəndi ərazisində tarixə şahidlik edən çox möhtəşəm bir abidə ucalır. Bu, Xanəgah Abidə Kompleksidir. Naxçıvan memarlıq məktəbinin daha bir nümunəsi olan kompleks XII-XV əsrlərə aid edilir. Arxiv materiallarında Xanəgahın XVIII əsrdə də fəaliyyət göstərdiyi qeyd olunur. Abidənin giriş baştağında Möminə xatun türbəsinin elementlərindən istifadə olunub. Hürufilik təliminin banilərindən olan Fəzlullah Nəimi 1394-cü ildə Əlincədə qətlə yetirildikdən sonra müridləri onun cənazəsini burada dəfn ediblər. Onun türbəsi də məhz burada yerləşir.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı Xanəgah Abidə Kompleksində tədqiqatlar aparmış Kamal Gülmalıyev (Xanəgahlı) ilə həmsöhbət olub.

Kamal Xanəgahlı qeyd edib ki, əsas məqsədi kamil insan yetişdirmək olan xanəgahlara Azərbaycanın müxtəlif bölgələrində rast gəlmək olar. Orta əsrlərdə bu cür elm, irfan mərkəzlərinin fəaliyyəti geniş yayılmışdı. Culfa rayonunun Xanəgah kəndi də orta əsrlərdə təsəvvüf elminin yayıldığı əsas məkanlardan biri olub. İnsanların kütləvi şəkildə təhsil ala bilmədiyi, cəhalətin geniş yayıldığı bir dövrdə xanəgahlar bir növ xilasedici mərkəzə çevrilmişdi.

Mövlanə Cəlaləddin Ruminin “Gəl, ey dostum, kim olursan, ol” fikrini xatırladan müsahibimiz sufizm məktəbinin insanları təmizliyə, sevgiyə, ədalət və mərhəmətə səslədiyini deyib: “Xanəgahlar kamil insan yetişdirmək yolunda fəaliyyət göstərdiyinə görə, onlar üçün həmin şəxsin xristian, müsəlman, musəvi olması yox, kamil olması əsas meyar idi. Buna görə də dünyanın müxtəlif ölkələrindən gələn insanlar Xanəgahda özlərini çox rahat hiss edirdilər. Bura həmin insanlar üçün doğma məkana çevrilmişdi”.

Onun sözlərinə görə, xanəgahlar ədaləti qoruyan döyüşçülər, hikmət işığı yandıran dərvişlər yetişdirməklə yanaşı, o dövrlərdə həm də dövlətin idarə olunmasında rol oynayan şəxsiyyətlərin formalaşmasında mühüm rol oynayıb. Bu baxımdan o dövr üçün xanəgahların nə qədər önəmli olduğunu təsəvvür etmək çətin deyil. Ona görə də orta əsrlərdə mövcud olan dövlətlərin - Səlcuqilərin, Atabəylərin, Qaraqoyunluların və Ağqoyunluların dövründə xanəgahlara çox böyük önəmə sahib idi. Çünki xanəgahlar dövlətçilik ənənələrinin qorunması və möhkəmlənməsində mühüm rol oynayıb.

Kamal Gülmalıyevin sözlərinə görə, Xanəgah kəndinin özünün tarixi eramızdan əvvəl ikinci-üçüncü minilliyə aiddir. Ona görə, bəlkə də vaxtilə burada digər abidələr olub. Xanəgah Abidə Kompleksinə gəlincə, onun sütunların sayı altı ədəd olsa da, bu günədək onlardan beşi salamat qalıb: “Xanəgah türbəsində şərti mehrab adlanan hissələrin hər birində olan insan təsviri hürufizmin əsas rəmzləri hesab edilə bilər. Bu təsvirlər sufizm və hürufizmdə “kamil insan” anlayışını bildirir”. Kamal Gülmalıyev qeyd edib ki, Əlincəçay xanəgahı öz memarlıq üslubu və fəlsəfi simvollar sisteminin zənginliyi ilə Yaxın Şərqin ən böyük memarlıq komplekslərindən biridir.

Xanəgahın məscid adlanan hissəsi 1495-ci ildə Xanbikə xatun tərəfindən tikdirilib. Xanbikə xatun xanəgahda yaşayan şeyxlərdən birinin qızı olub. Ətrafda başqa tikililərin olması ehtimalı da istisna edilmir.

Bəs necə olur ki, Fəzlullah Nəimi bu xanəgahda dəfn olunur? Müsahibimiz deyir ki, mənbələrə görə, Şeyx Fəzlullah Nəimi 1394-cü ildə teymurilər tərəfindən Əlincə qalası yaxınlığında edam olunduqdan sonra müridləri onun cənazəsini bu xanəgahda dəfn ediblər. Maraq doğuran suallardan biri də hürifilərlə teymurilər arasında yaranan mübarizənin səbəbi ilə bağlıdır. Müsahibimiz deyib ki, bu mübarizə tarixi hadisələrdən qaynaqlanırdı. Əmir Teymurun işğalları, Azərbaycandan minlərlə insanı yurd-yuvasından köçürməyi və talanlar hürufiliyin ictimai hərəkat halını almasına səbəb olur. İslami əsaslara söykənən hürifilər İslam bayrağı altında məqsədinə çatmağa çalışan Teymura qarşı çıxır, onu tənqid edirlər. Əlincə qalasının müdafiəsində iştirak edən hürifilər teymurilərə qalanın ələ keçirilməsində mane olurdular. Nəiminin qala ətrafında edam olunmasının da əsas səbəbi bu idi. Beləcə, qanlı bir tarix yaranır.

Kamal Xanəgahlı qeyd edib ki, ötən əsrdə baş verən repressiya və ondan sonrakı dövrdə hürufizm ideyalarına məxsus olduğu ehtimal edilən, xanəgahda saxlanılan ədəbiyyat məhv edilib. Nəticədə, hürufizm ideyalarının tədqiqi demək olar ki, imkansız olub: “Çox zaman şifrəli simvollarla zəngin olan hürufizm ideyalarının yanlış təqdim olunması insanlar tərəfindən bu cərəyanın İslama zidd düşüncə kimi qəbul edilməsinə səbəb olub. Lakin, araşdırmalardan bəlli olub ki, hürufizm həm tarixi köklərə, həm də islami qaynaqlara əsaslanan fikir cərəyanıdır”.

Bu gün xanəgah dövlət qayğısı ilə əhatə olunub, bərpa edilərək Azərbaycan xalqına qaytarılıb. Əlincə qalasının yaxınlığında yerləşən xanəgahın ətrafı səliqə-sahmanı ilə göz oxşayır. Burada insan zəhməti hesabına meyvə ağacları, gül kolları əkilib. Yaşı yüz illərə dayanan qocaman cəviz ağacı isə bura gələnləri öz kölgəsində qonaq edir. Bu məkana gələnlər həm ruhən təzələnmək, mənəvi zövq almaq, həm də tariximizlə yaxından tanış olmaq imkanı qazanırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.