CƏMİYYƏT
“Günəşli” yatağında baş vermiş qəza nəticəsində itkin düşən işçilərdən birinin meyiti tapılıb VİDEO
Bakı, 11 yanvar, AZƏRTAC
“Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti aşkar edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 55 kilometr uzaqlıqda Azərbaycana məxsus “Cabbar Həşimov” gəmisi kişi cəsədi aşkar edib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Caspian Rovşan” gəmisinə məlumat ötürülüb və cəsəd gəminin göyərtəsinə qaldırılaraq hazırda Türkmənbaşı dəniz limanı istiqamətinə aparılır. Cəsədin üzərində olan xüsusi geyimdə “AZ SOCAR” yazısı müəyyən edilib.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi üçün hazırlıq işlərinə başlanılıb.
Qeyd edək ki, hazırda ümumilikdə 23 işçinin - üçü “Neft Daşları”ndakı 501, 20-si isə “Günəşli” yatağındakı 10 nömrəli dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçinin axtarışı davam etdirilir.