Günnüt əməliyyatında düşmən Azərbaycan Ordusunun gücünü, xalqımızın sarsılmaz iradəsini gördü – Şərh
AzerTAg.az
Bakı, 20 may, AZƏRTAC
Beş il əvvəl baş vermiş Günnüt əməliyyatı hərb tariximizdə şanlı səhifələrdən biridir. 2018-ci il mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Azərbaycan Ordusunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edildi və Aprel döyüşlərinin davamı olaraq, düşmənə növbəti dəfə ağır zərbə vuruldu. Əməliyyat nəticəsində Azərbaycan Ordusu daha əlverişli mövqelərə sahibləndi. Xunut dağı və Ağbulaq yüksəkliyi, daha sonra isə Qızılqaya dağı və Mehridağ işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi şanlı Ordumuzun nəzarəti altına keçdi. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alındı və bu ərazilərin 8 min hektardan artığının əkin üçün yararlı olduğunu da xüsusi qeyd etmək lazımdır.
Bunu AZƏRTAC-a açıqlamasında “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə deyib.
İctimai Birliyin sədri qeyd edib ki, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ələ keçirilməsi ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi və bu amil özünü 44 günlük Vətən müharibəsində qabarıq şəkildə özünü göstərdi.
Əməliyyat nəticəsində strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri quruldu. Artan texniki və logistik imkanlardan tam yararlanmaqla əməliyyatın olduqca çevik şəkildə hazırlanaraq həyata keçirilməsi, qısa zamanda dayaq məntəqələrinin bir neçə kilometrlərlə önə çəkilməsi, strateji yüksəkliklərin ələ keçirilməsi, logistik təminatın təşkili erməni tərəfi üçün gözlənilməz oldu. Düşmənin illərdir möhkəmlənmiş əraziləri tərk etməyə məcbur edilməsi bir tərəfdən onun döyüş imkanlarını məhdudlaşdırdı, digər tərəfdən düşmənin mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərdi. Bütün bunlar isə Azərbaycan Ordusunun mövqelərini gücləndirməklə yanaşı, Ermənistan cəmiyyətində ciddi fikir ayrılıqlarına, parçalanmalara zəmin yaratdı, düşmən ölkənin ordusu ilə bağlı yaradılmış mifləri darmadağın etdi, Azərbaycanın böyük qələbəyə doğru aparan yolda önəmli məsafə qət etməsinə imkan yaratdı.
“Bizim missiyamız bundan sonra da davam edir. Zəngəzur dəhlizi açılandan sonra Azərbaycan böyük gücə sahib olacaq. Bu dəhliz bütün türk dünyasını birləşdirəcək. Biz Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi, sülhün tərəfdarıyıq. Amma biz məcbur olub torpaqlarımızı işğaldan güc yolu azad etdik. 2020-ci ilin iyulunda düşmənin növbəti təxribatı xalqımızın səbir kasasını daşdırdı. Artıq öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa etməyə məcbur olduq.
2016-cı il Aprel döyüşləri, 2018-ci il Günnüt əməliyyatı, 2020-ci il İyul (Tovuz) döyüşləri Vətən müharibəsindəki tarixi Zəfərin şanlı başlanğıcıdır. Düşmən təxribatları qarşılığında Azərbaycan Ordusunun gücünü, xalqımızın sarsılmaz iradəsini gördü. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqını ən böyük arzusuna - Tarixi Zəfərə bu taleyüklü mərhələlərdən uğurla keçərək çatdırdı”, - deyə Bəhruz Məmmədzadə vurğulayıb.



Xəbərin mətnində orfoqrafik səhv var