İQTİSADİYYAT


Günter Ottinger: “Nabucco” opera kimi tanınır, Cənub Qaz Dəhlizi isə reallıqdır YENİLƏNİB

Bakı, 20 fevral, AZƏRTAC

“Nabucco” opera kimi tanınır, Cənub Qaz Dəhlizi isə reallıqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısından sonra keçirilən mətbuat konfransında Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger deyib.

G.Ottinger qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı enerji əməkdaşlığının böyük perspektivləri var. Avropa İttifaqı Azərbaycanda enerji sektorunun daha da inkişafına dəstək verməyə hazırdır.

“Biz hələ 2009-cu ildə Xəzərdə hasil olunan təbii qazın Avropaya nəqlinə dair ideyaları eşitməyə başladıq. İlkin olaraq “Nabucco” layihəsi irəli sürüldü. Bu layihə çərçivəsində nəzərdə tutulurdu ki, Xəzər qazı Avropa bazarına çatdırılsın. “Nabucco” opera kimi tanınır, Cənub Qaz Dəhlizi isə reallıqdır”.

O bildirib ki, “Şahdəniz-2” yatağından hasil olunan qaz artıq boru kəməri ilə Türkiyəyə çatdırılır. Bu layihənin sonuncu hissəsi – TAP layihəsi üzrə işlər davam edir. Ümidvarıq ki, həmin işlər 2019-2020-ci illərdə tamamlanacaq.

“Nazirlər səviyyəsində keçirilən bu toplantı çox mühüm tədbirə çevrildi. İtaliyadan olan nümayəndələr də TAP layihəsinin önəminə toxundular. Azərbaycan qazının İtaliyaya çatdırılması istiqamətində işlər gedir. Avropa üçün enerji təhlükəsizliyi çox mühüm məsələdir. Qarşıdakı 10 ildə isə qitədə təbii qazın önəmi daha da artacaq. Bizim üçün marşrutların və mənbələrin şaxələndirilməsi önəmlidir. Bu xüsusda Xəzər qazı, Azərbaycan qazı bizim üçün yeni mənbə, yeni marşrut deməkdir”, - deyə avrokomissar qeyd edib.

O bildirib: “Azərbaycan və SOCAR hazırda Avropa İttifaqının strateji enerji tərəfdaşıdır. Bu gün Cənub Qaz Dəhlizi tamamlandıqdan sonra növbəti ünvanlara gennişləndirilməsi müzakirə olunur. Ümumi məqsəd isə növbəti 10 ildə Avropa istiqamətinə gedən qazın həcmi ən azı iki dəfə artırılsın, ildə 20 milyard kubmetr, hətta 25 milyard kubmetrə çatdırılsın”.

“Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığın çox geniş üfüqləri var. Bunlar arasında hasil edilən yanacaq, bərpaolunan enerji mənbələri, həmçinin elektrik şəbəkələrinin müasirləşdirilməsi kimi məqamlar var. Nəqliyyat sahəsində də bizim əməkdaşlığımız genişlənə bilər. Avropa İttifaqı Azərbaycanın öz iqtisadiyyatını daha da şaxələndirməsinə töhfə verməyə, enerji və bərpaolunan enerji sahəsində də əməkdaşlığı genişləndirmək əzmindədir”, - deyə G.Ottinger vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.