DÜNYA


“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasını tərk edən deputatlar yeni təşkilat yaradırlar

Tbilisi, 28 iyul, AZƏRTAC

Gürcüstan parlamentində və şəhər şuralarında “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasını təmsil edən deputatlar, partiya sıralarını tərk etdikdən sonra siyasi fəaliyyətlərini başqa qurumda davam etdirəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə hakim partiyanın sabiq deputatı və sabiq naziri Sozar Subari bu gün keçirdiyi brifinqdə deyib.

Bildirib ki, onunla birlikdə partiya sıralarını tərk edən şəxslər ölkədəki siyasi gərginliyi azaltmaq və ictimaiyyəti düzgün məlumatlandırmaq üçün bu addımı atırlar.

Onun sözlərinə görə, hərəkatın məqsədi ictimai-siyasi mühitdə mövcud olan suallara cavab verməklə yanaşı, ölkənin müharibəyə cəlb olunmasının qarşısını almaq və Gürcüstanın Avropaya inteqrasiyasının dönməzliyinə töhfə verməkdir.

Qeyd edək ki, “Gürcü Arzusu”nun qurucusu, sabiq Baş nazir Bidzina İvanişvili bəzi qüvvələr tərəfindən Gürcüstanın müharibəyə cəlb olunmasına təhrik etmələri barədə açıqlama vermişdi. ABŞ-ın Gürcüstandakı səfirliyi isə bəyanatla çıxış edərək bunun düzgün olmadığını bildirib.

Deputatın sözlərinə görə, Bidzina İvanişvilinin dərc etdirdiyi məktub Gürcüstanın müharibəyə cəlb olunma təhlükəsi ilə bağlı bir müddət ərzində danışılanları təsdiq etdi. Bu gün bu təhlükə azalıb, amma tam aradan qalxmayıb – təhlükə var.

Sozar Subari deyib: “Gürcüstan müharibəyə cəlb olunsa, nə Avropa İttifaqının, nə də NATO-nun köməyindən söhbət gedə bilməz. Gürcüstan dövləti ləğv olunacaq”.

“Biz çalışmalıyıq ki, bu müharibəni ölkədən və xalqdan uzaqlaşdıraq. Bunun üçün pərdə arxasında, dövlət siyasətindən kənarda baş verənləri ictimaiyyətin diqqətinə çatdırmaq, ictimaiyyətə daha çox həqiqəti söyləmək, daha çox məlumat vermək lazımdır. Siyasətdə qapalı olanlar ölkəyə xeyir verməyəcək”, - deyə Sozar Subari vurğulayıb.

Qeyd edək ki, son bir ayda “Gürcü Arzusu”nu 4 deputat və müxtəlif bölgələr üzrə 6 nəfər yerli icra hakimiyyəti nümayəndəsi tərk edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.