DÜNYA
“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının yeni sədri seçilib
Tbilisi, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-da Tbilisidəki “Ekspo Corcia” sərgi salonunda Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının VI qurultayı keçirilib.
AZƏRTAC xəbər verir ki, 400 nəfərin iştirak etdiyi toplantıda təşkilati məsələyə baxılıb, partiyanın yeni sədri və Siyasi Şuraya üzvlər seçilib.
Partiyanın icra katibi vəzifəni icra edən İrakli Kobaxidze yekdilliklə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri seçilib.
İrakli Kobaxidze göstərilən etimada görə minnətdarlığını bildirib.
Qurultayda partiyanın 21 üzvdən ibarət yeni Siyasi Şurası formalaşıb, icraçı və siyasi katiblər də seçilib.
Qeyd edək ki, 43 yaşlı siyasətçi İ.Kobaxidze 2016-2019-cu illərdə Gürcüstan parlamentinin sədri vəzifəsini tutub.
Partiyanın keçmiş sədri Bidzina İvanişvili yanvarın 11-də vəzifəsini tərk edib və siyasətdən getdiyini bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi