DÜNYA
“Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası Baş Nazir postuna namizədini açıqlayıb
Tbilisi, 11 sentyabr, AZƏRTAC
Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası parlament seçkilərindən sonra qurulacaq hökumətdə Baş Nazir vəzifəsinə namizədini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, partiya seçkilərdə qalib gələcəyi təqdirdə Baş Nazir vəzifəsinə hazırkı hökumət başçısı Giorgi Qaxariyanın namizədliyini irəli sürüb. Gürcüstan parlamentinin sədri vəzifəsinə isə hazırkı sədr Arçıl Talakvadzenin namizədliyi göstərilib.
Partiyanın proporsional seçki siyahısının ilk iyirmiliyində yer alan şəxslərin də adları açıqlanıb. Partiyanın majoritar seçki siyahısında azərbaycanlılardan Marneuli şəhərinin meri Zaur Darğallının namizədliyi irəli sürülüb. Proporsional siyahıda isə hələlik heç bir azərbaycanlı namizədin adı açıqlanmır.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.
Giorgi Qaxariya jurnalistlərə açıqlamasında deyib ki, seçkilərdən sonra ölkədə koalision hökumətə ehtiyac olmayacaq. “Ona görə ki, “Gürcü Arzusu” partiyası seçkilərdə parlaq qələbə qazanacaq”, – deyə, Qaxariya vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi