DÜNYA
“Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının rəhbərlik etdiyi parlament çoxluğundan ayrılmalar davam edir
Tbilisi, 15 noyabr, AZƏRTAC
Gürcüstanın hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının rəhbərlik etdiyi parlament çoxluğundan ayrılmalar davam edir. Noyabrın 14-də çoxluq fraksiyasını parlamentin sədr müavini Tamar Çuqoşvili ilə yanaşı, 10 deputat, o cümlədən üç komitə sədri tərk edib.
Bu gün isə “Mühafizəkarlar” fraksiyasının üzvləri Zviad Dzidziquri, Nino Qoquadze və Qiqa Bukiya çoxluğun sıralarını tərk ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə fraksiyanın üzvü, parlamentin sədr müavini və Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri bu gün keçirdikləri brifinqdə məlumat verib.
Onun sözlərinə görə, fraksiyanın çoxluğu tərk etməsinin səbəbi ötən gün qanunverici orqanda hakim partiyanın təşəbbüskarı olduğu proporsional seçki sisteminin qəbul edilməməsidir.
Qeyd edək ki, “Mühafizəkarlar” fraksiyasında daha üç deputat, o cümlədən azərbaycanlı millət vəkili Ruslan Hacıyev də var. Onların fərdi olaraq qərar qəbul edəcəkləri bildirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi