REGİONLAR


Gürcü dini icmasının sədri: Azərbaycanda xristianların dini-mədəni abidələri dövlət tərəfindən qorunur

Qax, 16 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan çoxmillətli, tolerant ölkədir. Burada müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yerdə dostluq və qardaşlıq şəraitində yaşayırlar. Azsaylı xalqların, etnik qrupların milli-mədəni dəyərlərinin qorunmasına həmişə böyük diqqət yetirilir. Azərbaycanın hər yerində olduğu kimi, Qax rayonunda da xristian abidələri, ibadət yerləri, kilsələr dövlət tərəfindən mühafizə edilir, qorunur. Rayonda yaşayan gürcülər digər azsaylı xalqlar kimi, cəmiyyətin ayrılmaz bir hissəsidir. Azərbaycanın əldə etdiyi uğurlar bizi də sevindirir. Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı tarixi qələbəni ürəkdən alqışlayırıq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qax rayonunun Qaxingiloy kənd “Müqəddəs Georgi” kilsəsinin gürcü-pravoslav xristian dini icmasının sədri İaqo Kasiaşvili söyləyib.

İcma sədri bildirib ki, XVIII əsrin sonlarında inşa edilmiş bu ibadətgahda dini ayinlərin icrası üçün hər cür şərait yaradılıb. Ötən əsrin sonlarında kilsə əsaslı təmir və bərpa olunub. Burada il ərzində müxtəlif dini bayramlar keçirilir, dini ayinlər icra olunur. Bu bayramlarda icmanın bütün üzvləri iştirak edir, kilsədə şam yandırırlar. Kilsə yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən qorunur.

Ermənilərin Qarabağ torpağındakı Azərbaycan xalqına məxsus qədim tarixə malik dini-mədəni abidələrə, məscidlərə olan düşmən münasibətindən təəssüf hissi keçirdiyini bildirən icma sədri deyib: “Dini ibadət yerlərini, ziyarətgahları dağıtmaq, məscidlərdə heyvan saxlamaq günahdır. Tanrının evlərinə, insanların pənah gətirdiyi dini ocaqlara bu cür münasibət vəhşilikdir. Tanrı belələrini mütləq cəzalandıracaq, necə ki, indi cəzalandırır. Biz gürcülər bu ölkənin vətəndaşı olaraq, Azərbaycan dövlətini, xalqını bu haqq işində hər zaman dəstəkləyirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.