SİYASƏT
Gürcü politoloq: “Azərbaycanın Tehrandakı səfirliyinə hücum beynəlxalq hüquq normalarına sığmayan qatı cinayətdir
Tbilisi, 27 yanvar, AZƏRTAC
“Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum beynəlxalq hüquq normalarına sığmayan qatı cinayətdir. Düşünürəm ki, İran İslam Respublikasında baş verən bu terror aktı hamı tərəfindən qətiyyətlə pislənilməli, cinayətkarlar tezliklə tapılaraq layiq olduqları cəzanı almalıdırlar”.
Bu sözləri Qafqazşünas alim, gürcü politoloq Quram Marxuliya Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı AZƏRTAC-a müsahibəsində söyləyib.
Onun sözlərinə görə, bu, ilk növbədə, erməni terror təşkilatlarının əməlidir. Onlar bu yolla Azərbaycan ilə İran arasındakı münasibətləri korlamağa, regionda gərginliyi daha da artırmağa çalışırlar.
“Ümid edirəm İran rəsmiləri tez bir zamanda cinayətkarları taparaq zərərsizləşdirəcək və regional sülhsevər ölkə olduğunu sübut edəcəkdir”, – deyə politoloq vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi