SİYASƏT


Gürcü siyasətçi: Heydər Əliyev və Azərbaycan Gürcüstanın ən ağır anlarında gürcü xalqının yanında olub

Tbilisi, 9 dekabr, AZƏRTAC

Heydər Əliyev və Azərbaycan Gürcüstanın ən ağır anlarında gürcü xalqının yanında dayanıb. Onu şəxsən tanıdığıma görə qürur duyuram. Nə yaxşı ki, Heydər Əliyevin İlham Əliyev kimi layiqli davamçısı var.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin keçmiş sədri Nino Bucanadze Tbilisidə ulu öndər Heydər Əliyevə həsr olunan fotosərgidəki çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının bəxti gətirib ki, Heydər Əliyev kimi müdrik siyasətçisi və rəhbəri, Gürcüstanın isə bəxti onda gətirib ki, Heydər Əliyev kimi böyük dostu olub.

Ümummilli Liderlə tanışlığını və şəxsi görüşləri olduğunu vurğulayan siyasətçi, Heydər Əliyevlə bağlı xatirələrinin yaddaşından heç zaman silinməyəcəyini bildirib.

Qeyd edib ki, Heydər Əliyev böyük tarixi şəxsiyyət, qətiyyətli siyasətçi idi. Məhz onun qətiyyəti nəticəsində bu gün regionda çox böyük layihələr reallaşıb.

N.Burcanadze deyib: “Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdırılan zaman çox ciddi təzyiqlər var idi. Lakin Heydər Əliyevin qətiyyəti sayəsində boru kəmərinin Gürcüstan ərazisindən keçməsinə nail olundu”.

Gürcüstan parlamentinin keçmiş sədri qeyd edib ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də xalqının böyük sevgisinə layiqdir. Ərazi bütövlüyünü bərpa etməklə o, xalqın böyük arzusunu yerinə yetirib.

“Əminəm ki, Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirilməyəcək. Din və dilimiz ayrı olsa da, gürcü və Azərbaycan xalqlarını möhkəm dostluq bağlayır və bu bağlar heç vaxt qırılmayacaq”,- deyə N.Burcanadze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.