CƏMİYYƏT
Gürcü xalqının qəlbində ulu öndər Heydər Əliyevə tükənməyən sevgi var
Tbilisi, 9 may, AZƏRTAC
Gürcü xalqının qəlbində Azərbaycan xalqına və onun ümummilli lideri Heydər Əliyevə böyük hörmət, tükənməyən sevgi var.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanın Saqareco rayonunun Qaraçöp kəndində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbirdə səslənib.
Saqareco rayonunun meri Giorgi Erbocanosvili çıxışında Heydər Əliyevin Gürcüstan dövlətinə və xalqına göstərdiyi qayğıdan danışıb.
Kartı bölgəsi qubernatorunun müavini İrakl Şidoşvili isə bildirib ki, Heydər Əliyev və Eduard Şevardnadzenin birgə səyləri nəticəsində həyata keçirilən enerji və nəqliyyat layihələri xalqlarımızın rifahı halının yaxşılaşmasında mühüm rol oynayıb. Gürcü xalqı Heydər Əliyevin xidmətlərini heç zaman unutmayacaq.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyəti barədə geniş məlumat verib, Ulu Öndərin hələ sovetlər dövründə qonşu və dost Gürcüstana qayğısından danışıb.
Sonra Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunu prorektoru Aqil Şirinov və başqaları çıxış edərək Heydər Əliyevin mənəvi dəyərlərimizə verdiyi qiymət və dəstəkdən danışıblar.
Bildirilib ki, Azərbaycan vətəndaşlarının sayı artıq 10 milyonu keçib. Təkcə Azərbaycan vətəndaşları deyil, dünyada yaşayan 50 milyonluq azərbaycanlı Heydər Əliyev ideyalarına sadiqdir. Gürcüstan dövləti ilə dostluğa böyük önəm verirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi