ELM VƏ TƏHSİL
Gürcüdilli “Vikipediya”da Azərbaycanın tanınmış şəxsiyyətləri haqqında onlarca məqalə yaradılıb
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü, “İnkişaf və Təhsil” Mərkəzinin və “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Marneuli rayonunda gənclər üçün keçirilən “Vikipediya” təlimləri davam edir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, təlimlər əsasında Azərbaycanın görkəmli şəxsiyyətləri, elm və mədəniyyət xadimləri haqqında gürcüdilli “Vikipediya” otuza yaxın məqalə yaradılıb.
“Vikimedia”nın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mehman İbrahimov bildirib ki, təlimlər müsbət nəticəsini verir. “Vikipediya”nın gürcü bölməsində Azərbaycanın tanınmış şəxsiyyətləri haqqında məqalə yaradılması uğurla davam edir.
“Xalq yazıçısı İlyas Əfəndiyev, Udi əsilli Azərbaycan yazıçısı Georgi Keçaari, tədqiqatçı Xaqani İsmayıl, professorlar Ədalət Tahirzadə, Ramiz Alıquliyev, Dağıstan azərbaycanlıları və digər tanınmış insanlar haqqında məqalələr yaradılıb”, - deyə Mehman İbrahimov qeyd edib.
“İnkişaf və Təhsil” Mərkəzinin sədri Emin Əhmədov təlimlərin davam edəcəyini bildirərək, gənclər arasında “Vikipediya” təlimlərinə böyük marağın olduğunu söyləyib.