DÜNYA


Gürcülər Yeni ildə süfrəyə ən çox milli xörəklər düzürlər

Tbilisi, 31 dekabr, AZƏRTAC

Yeni il bayramını hər xalq öz ənənəsinə uyğun qeyd edir. Süfrələrə milli xörək və şirniyyatlar düzürlər.

Gürcüstanda da Yeni ilin ruzili, bərəkətli olması üçün masaya ilk növbədə milli xörəklər düzülür və yalnız bu ölkədə hər bir evdə süni yolla hazırlanan rəmzi, sarı rəngli çeçilaki (“sarı yolka”) qoyulur.

AZƏRTAC xəbər verir ki, bayram günlərində Tbilisi şəhərinin park və meydanlarında yolkalar bəzədilib. Bu il ən böyük yolka ağacı ilk dəfə Tbilisinin mərkəzi Respublika meydanında quraşdırılıb.

Bəzi parklarda yolkaları uşaqlar bəzəyirlər. Şaxta babalar yollarda, şəhərin küçə və prospektlərində insanlara Yeni il hədiyyələri, şirniyyat paylayırlar. Əsas küçə və meydanlarda satış yarmarkaları açılır. Süfrələrə isə əsl gürcü milli mətbəxinin nümunəsi sayılan yeməklər düzülür. Məsələn, Yeni ildə süfrəyə hökmən gürcülərin milli xörəyi olan Saçivi qoyulmalıdır. Saçivi toyuq və ya hind toyuğundan hazırlanır, yeməyə qoz-fındıq ləpəsi qatılır. Bununla yanaşı, çuçxela da olmalıdır. Bu da qoz ləpəsi, üzüm şirəsi və undan hazırlanmış xüsusi şirniyyatdır.

Daha sonra hər bir kəs süfrəyə öz zövqünə uyğun olaraq müxtəlif salatlar, şirniyyatlar düzür. Xingəl, acılı və digər yeməklərə gəldikdə, müsahibim deyir ki, bu yeməklərə hər gün, hər yerdə rast gəlinir, amma o birilərinə yox.

Yeni il axşamı süfrədə saçivi, çuçxela ilə yanaşı, qızardılmış, balaca donuz balası da olur. Süfrə gürcü çaxırı zövqə uyğun qoyulur – qırmızı və ya ağ.

Gürcüstanın bölgələrində qozinaxi də məşhurdur. Paytaxt sakinləri də süfrəyə milli şirniyyat növü qozinaxi də qoyurlar. Bu, bal və qozdan hazırlanmış xüsusi şirniyyat növüdür. Deyilənə görə, qozinaxi şirniyyatı düşərlidir və hamıya xoşbəxtlik, evlərə şirinlik gətirir.

Amma gürcülərin də gözlərində bir nigarançılıq və nisgil var. Onlar da bayramı problemlə qarşılayırlar.

Torpaqları işğal altında olan gürcülərin ən böyük arzuları 2019-cu ildə Gürcüstanın ərazi bütövlüyünün bərpa olunmasını görməkdir.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.