CƏMİYYƏT
Gürcüstan-Azərbaycan sərhədində Azərbaycana dəstək aksiyası keçirilib
Tbilisi, 16 iyul, AZƏRTAAC
Gürcüstanda, “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında Azərbaycana dəstək aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstan azərbaycanlılarının təşkil etdiyi aksiyada son günlər Ermənistanın Azərbaycana qarşı törətdiyi hücumlar və təxribatlar qətiyyətlə pislənilib.
Əllərində Azərbaycanın və Gürcüstanın bayraqlarını tutan 500-dək soydaşımız Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bəyan edib, Ermənistanın təxribatını və işğalçılıq siyasətini qətiyyətlə pisləyib.
Azərbaycanlı gənclər Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiklərini bildiriblər. Onlar Ermənistanı təcavüzə və təxribatçı əməllərə son qoymağa çağırıb, işğal etdikləri ərazilərdən dərhal çıxmağı tələb ediblər.
Aksiyada Gürcüstan-Azərbaycan dövlət sərhədi yaxınlığında yerləşən kəndlərdən və Gürcüstanın digər bölgələrindən olan azərbaycanlılar iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi