QAN YADDAŞI
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
Tbilisi, 21 yanvar, AZƏRTAC
Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlarının İnteqrasiya Mərkəzində (GAİM) 20 Yanvar şəhidlərini anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhuna dualar oxunub.
Sonra GAİM-nin icraçı direktoru Rafik Hümmət tədbirdə çıxış edərək 20 Yanvar hadisələrinin əsas səbəbləri barədə ətraflı məlumat verib.
Bildirilib ki, ötən əsrin 80-ci illərin sonlarında Azərbaycan xalqının azadlıq uğurundakı mübarizəsi keçmiş imperiya rəhbərliyini təşvişə salmışdı. Xalqın azadlıq yolundakı mübarizə zəmini qırmaq istəyən imperiya qüvvələri heç bir xəbərdarlıq etmədən, fövqəladə vəziyyət elan etmədən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın Bakı şəhərinə qoşun hissələri yeridib, dinc əhaliyə divan tutub. Nəticədə yüzlərlə insan qətlə yetirilib və yaralanıb.
O, eyni zamanda işğalçı imperiya qoşunlarının 1989-cu ilin 9 aprel tarixində Gürcüstanda da qətliam törədərək vətəndaşlarımızı şəhid etdiyini qeyd edib.
Sonra tədbirdə 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
GAİM-də təhsil alan şagirdlər vətənpərvərlik və 20 Yanvar mövzusunda şeirlər söyləyiblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi