Gürcüstan MSK parlament seçkiləri ilə əlaqədar 40-a yaxın ölkədə seçki məntəqəsi yaratmağı planlaşdırır
AzerTAg.az
Tbilisi, 14 sentyabr, AZƏRTAC
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar 40-a yaxın ölkədə, o cümlədən Azərbaycanda seçki məntəqəsi yaratmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə MSK-nın mətbuat katibi Anna Mikeladze bu gün keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bu məntəqələr xarici ölkələrdə yaşayan, işləyən və müvəqqəti səfərdə olan Gürcüstan vətəndaşlarının seçkilərdə iştirakını təmin etmək üçün yaradılacaq.
A.Mikeladze deyib ki, MSK bu məsələdə Xarici İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edir. 2018-ci ildə keçirilən prezident seçkiləri zamanı ölkə vətəndaşlarının səsvermə ilə bağlı konstitusion hüquqlarını təmin etmək məqsədilə 39 ölkədə 55 seçki məntəqəsi yaradılmışdı.
Qeyd edək ki, 2018-ci ilin prezident seçkiləri zamanı Azərbaycanda 3 məntəqə yaradılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin mətnində orfoqrafik səhv var