SİYASƏT
Gürcüstan MSK parlament seçkilərini izləmək üçün Azərbaycandan da müşahidəçilər dəvət edib
Tbilisi, 17 sentyabr, AZƏRTAC
Gürcüstanda oktyabrın 8-nə təyin olunmuş növbəti parlament seçkilərinə hazırlığın və səsvermənin gedişini iki minə yaxın beynəlxalq müşahidəçi izləyəcək. Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin gedişini izləmək üçün Azərbaycandan da müşahidəçilər dəvət edib.
Bu barədə AZƏRTAC-a müsahibəsində MSK üzvü Dimitri Cavaxadze məlumat verib. Bildirib ki, seçkilərə hazırlıqla bağlı bütün prosedur qaydalar yerinə yetirilib. Artıq partiya siyahısı və majoritar sistem üzrə namizədlərin qeydiyyatı başa çatıb və seçkilər həlledici mərhələyə qədəm qoyub.
Dimitri Cavaxadze deyib: “Gürcüstan demokratik dövlətdir və bu seçkiləri də azad, şəffaf və ədalətli keçirməkdə israrlıdır. Artıq bütün dairə və məntəqə seçki komissiyaları qanuna müvafiq qaydada işləyirlər. Oktyabrın 8-də bütün vətəndaşlarımız öz namizədlərinə səs verə biləcəklər”.
MSK üzvünün sözlərinə görə, seçkilərdə milli azlıqların nümayəndələri də sərbəst iştirak edəcəklər. Onlar üçün heç bir məhdudiyyət qoyulmayıb. Yaşı 21-dən yuxarı olan hər bir Gürcüstan vətəndaşı parlament seçkilərində, yaşı 35-dən yuxarı olanlar prezident seçkilərində iştirak edə bilərlər. Bələdiyyə seçkilərində isə aşağı yaş həddi 18-dir.
Gürcüstanın inkişafında xüsusi yeri və rolu olan azərbaycanlıların da deputat mandatı uğrunda mübarizəyə qoşulduğunu vurğulayan D.Cavaxadze deyib ki, artıq 40-a yaxın azərbaycanlının namizədliyi həm proporsional, həm də majoritar sistemdə qeydiyyata alınıb.
Bu gün Gürcüstanda 73 dairə seçki komissiyası, 3636 məntəqə seçki komissiyası fəaliyyət göstərir. Seçki məntəqələrindən 207-si azərbaycanlıların yığcam yaşadıqları ərazilərdə yaradılıb. D.Cavaxadze bildirib ki, ümumiyyətlə bu seçkilərdə 24 siyasi subyekt iştirak edir. Onların 12-də azərbaycanlılar da təmsil olunurlar.
Seçki marafonuna təxminən 32 siyasi partiya qoşulub. Onların bəziləri birləşərək seçkilərdə blok halında iştirak edirlər. Hər partiyadan və blokdan maksimum 200 nəfərin namizədliyi irəli sürülüb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi