DÜNYA
Gürcüstan Prezidenti: Kvemo Kartli bölgəsi tolerantlıq nümunəsidir
Tbilisi, 20 mart, AZƏRTAC
Gürcüstan Prezidenti Salome Zurabişvili azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda yerli sakinlərlə görüşüb.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı Kvemo Kartli bölgəsinin və Bolnisi rayonunun perspektivlərindən danışıb, regionun inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib. Regionda bir sıra faydalı layihələrin həyata keçiriləcəyinin nəzərdə tutulduğunu vurğulayan prezident deyib ki, bunun üçün insan resurslarına ehtiyac var. Dövlət başçısı Kvemo Kartlidə mədəniyyət ocaqları, kitabxana və muzeylərin fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edib.
S.Zurabişvili deyib: “Kvemo Kartli bölgəsi Gürcüstanın tolerantlıq nümunəsidir. Bu bölgəyə səfər edəcək turistlər Gürcüstanda müxtəlif etnik mənsubiyyətə məxsus insanların sülh şəraitində necə yaşadığının şahidi olacaqlar”.
Dövlət başçısı Kvemo Kartli bölgəsində yaşayan gəncləri təhsilə xüsusi diqqət yetirməyə çağırıb və bildirib ki, onlar xaricdə təhsil proqramlarından faydalanmalıdırlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi