DÜNYA


Gürcüstan Rusiya qazının öz ərazisindən Ermənistana nəqlinə etiraz etməyəcək

Tbilisi, 19 yanvar, AZƏRTAC

“Ermənistan bundan sonra da Rusiya qazını Gürcüstan ərazisindən ala biləcək. Gürcüstan Rusiya qazının öz ərazisindən Ermənistana nəqlinə etiraz etməyəcək”.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Gürcüstanın Baş naziri Mamuka Baxtadze söyləyib.

Baş nazir deyib ki, Gürcüstan qazın nəqli ilə əlaqədar Rusiya ilə imzaladığı tranzit müqaviləsindən xeyli gəlir əldə edir. Müqavilə Gürcüstanın milli maraqlarına xidmət edir.

Bununla belə yeni müqavilənin nə vaxt imzalanacağı hələlik məlum deyil. M.Baxtadze deyib ki, danışıqların tarixi isə hələ müəyyən olunmayıb.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin əvvəlində Gürcüstan Rusiya qazının öz ərazisindən Ermənistana nəqli ilə bağlı “Qazprom”la saziş imzalayıb. Sazişin müddəti 2018-ci il dekabrın 31-də başa çatıb.

2017-ci ilin yanvar ayınadək Gürcüstan Rusiya qazının öz ərazisindən Ermənistana nəqlinə görə ümumi həcmin 10 faiz həcmində “mavi yanacaq” alırdı. Rusiya tərəfi 2017-ci ilin yanvarından Gürcüstana qazın nəqlinə görə həm nağd pul, həm də təbii qaz verirdi. 2018-ci ilin yanvar ayından isə Gürcüstan Ermənistana satılan qazın nəqli üçün Rusiyadan yalnız pul alırdı.

Gürcüstanın Rusiyadan qazın nəqlinə görə aldığı pulun məbləği kommersiya sirri olduğu üçün açıqlanmır.

Amma hökumət bu məbləğin 2017-ci ildə aldığı 10 faizlik qazın həcmi ilə müqayisədə az olduğunu etiraf edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.