DÜNYA
Gürcüstan Türkiyə vətəndaşlarının ölkəyə giriş qaydalarını yumşaldır
Tbilisi, 3 fevral, AZƏRTAC
Gürcüstan hökuməti Türkiyə vətəndaşlarının ölkəyə daxilolma qaydalarını yumşaldır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava məlumat verib.
Nazir bildirib ki, Türkiyədən Gürcüstana səfər edəcək şəxslər koronavirus testinin mənfi nəticəsini təqdim edərək ölkəyə daxil ola biləcəklər və üç gündən sonra təkrar test verməli olacaqlar. Digər ölkələrdən də Gürcüstana giriş rejiminin asanlaşdırılması məsələsi nəzərdən keçirilir və siyahı hazırlanır.
Onun sözlərinə görə, fevralın 15-dən etibarən hava nəqliyyatı ilə daşınmalar xeyli artacaq. Bu, ölkəyə turist cəlb etmək üçün aydın və düşünülmüş qaydalar əsasında baş verəcək.
N.Turnava deyib ki, əlində peyvənd sənədi olan hər hansı xarici vətəndaş ölkəyə əlavə məhdudiyyət qoyulmadan daxil olacaq. Həmçinin şəxsin mənfi “PCR” testi ilə daxil olduğu və üçüncü gündə Gürcüstanda testdən keçməli olduğu ölkələrin siyahısı da var. Bu siyahı digər virusların olması ilə yanaşı, turizm sənayesinin qarşısında duran vəzifələrlə bağlı yenidən nəzərdən keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi