CƏMİYYƏT
Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopuna Azərbaycandakı dövlət-din münasibətləri barədə məlumat verilib
Bakı, 4 oktyabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov oktyabrın 4-də Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox ilə görüşüb.
DQİDK-dan AZƏRTAC-a verilən məlumata görə, sədr müavini dini vəziyyətin və müxtəlifliyin tənzimlənməsi istiqamətində əldə olunan nailiyyətlərdən danışaraq qeyd edib ki, Azərbaycanda dünyaya örnək ola biləcək multikultural dəyərlər sistemi və modeli formalaşıb. Müxtəlif etnik mədəniyyətlər arasında ənənəvi birgəyaşayış, qarşılıqlı hörmət prinsiplərinə söykənən bu model ilə Azərbaycan sivilizasiyalararası və mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısına çevrilib. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu diqqətə çatdıran Səyavuş Heydərov ölkəmizdə 35-i qeyri-islam olmaqla 942 dini icmanın dövlət qeydiyyatına alındığını, bütün dini qurumların dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyib.
Azərbaycana hər səfərində xalqımızın qonaqpərvərliyinə heyran qaldığını, ölkəmizdə mövcud olan çoxəsrlik multikultural mühitlə əyani şəkildə tanış olduğunu deyən Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox respublikamızdakı müxtəlif dini icmalarla sıx əməkdaşlığının, dostluğun təqdirəlayiq olduğunu vurğulayıb.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən birgə tədbirlərin keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.