İQTİSADİYYAT
Gürcüstan aldığı neft məhsullarının alqı-satqısını, tədarükünü özündə ehtiva edən qanun layihəsi hazırlayır
Tbilisi, 4 oktyabr, AZƏRTAC
Azərbaycan zəngin təbii qaz və neft ehtiyatlarına malikdir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanın təbii qazla təmin olunması və qaz bazarının formalaşmasında yaxından iştirak edir. Lakin, bu sahədə münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməsi üçün mükəmməl qanunvericilik bazası olmalıdır. Gürcüstan hökuməti qonşu Azərbaycandan aldığı neftin və təbii qazın, eləcə də digər ölkələrdən aldığı neft məhsullarının alqı-satqısını, tədarükünü, dünyada təbii qaz bazarında islahatları özündə ehtiva edən mükəmməl qanun layihəsi hazırlayır. Bu ilin sonuna qədər parlamentin müzakirəsinə çıxarılacaq sənədin hazırlanmasında Avropa təcrübəsi və qanunvericilik bazası da diqqətlə öyrənilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 4-də Tbilisidə Gürcüstanın təbii qaz bazarı konsepsiyasına həsr olunmuş konfransda səslənib.
Avropa Enerji Cəmiyyətinin (AEC) təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən AEC katibliyinin Qaz bölməsinin rəhbəri Predrag Grujicic Gürcüstanda son illərdə energetika sahəsində əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirib. Bildirib ki, Gürcüstanda qaz sektorunda həyata keçiriləcək islahatlar həm regionda, həmdə Avropada enerji təhlükəsizliyinin daha da möhkəmlənməsinə, istehlakçılar üçün daha yaxşı xidmətlərin göstərilməsi və enerji qənaətinə nail olunmasına imkan yaradacaq. O, Avropa İttifaqının bu sahədə Gürcüstana yardım edəcəyini qeyd edib.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natia Turnava, nazirliyin Energetika siyasəti Departamentinin rəhbəri David Şarikadze, Gürcüstanın Neft və Qaz Korporasiyasının rəhbəri Teymuraz Qoçitaşvili, Avropa İttifaqının nümayəndəsi Karlo Natale və başqaları çıxış edərək ölkənin neft və qaz ehtiyatları, tələbatı, bu sahədə mövcud qanunvericilik, beynəlxalq əməkdaşlıq və s. məsələlər barədə danışıblar.
Bildirilib ki, təbii qaz sektorunda həyata keçiriləcək islahatlar həm biznes, həm də istehlakçılara fayda gətirəcək. Qaz sektorunun təkmilləşdirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi ilə Gürcüstan avropalı tərəfdaşlarına daha da yaxınlaşacaq.
Müzakirələr zamanı Gürcüstanın qaz bazarının spesifikliyi, gələcəyi, strukturu, əsasları və digər məsələlər nəzərdən keçirilir.
İki gün davam edəcək tədbirdə Gürcüstanın hökumət nümayəndələri ilə yanaşı SOCAR-ın Gürcüstan nümayəndəliyinin, təbii qaz bazarının əsas iştirakçı şirkətlərinin təmsilçiləri iştirak edirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi