SİYASƏT
Gürcüstan azərbaycanlıları Kəlbəcərdə dinc insanların mina partlaması nəticəsində həlak olmasını terror aktı kimi qiymətləndirirlər
Tbilisi, 5 iyun, AZƏRTAC
Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində vəzifə borclarını yerinə yetirən jurnalistlərin və digər dinc sakinin mina partlaması nəticəsində həlak olması xəbəri Gürcüstan azərbaycanlılarını dərindən kədərləndirdi. Gürcüstan azərbaycanlıları hesab edirlər ki, bu, döyüş meydanından qorxub qaçan, məğlubiyyəti qəbul edə bilməyən erməni separatçılarının növbəti terror aktıdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov söyləyib.
O qeyd edib ki, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistana qarşı sanksiyalar tətbiq etməli, ciddi cəza tədbirləri görməlidirlər.
H.Yusubov deyib: “Azərbaycan tarixi ədaləti bərpa etmək üçün uzun illər qarşı tərəfi – təcavüzkar Ermənistanı danışıqlar masasına dəvət etdi. Lakin daim qonşularına qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənistan rəsmi Bakının bu dəvətini nəzərə almadı. Bəzi beynəlxalq təşkilatlar da Azərbaycanın haqq səsini dəstəkləmədilər. Azərbaycan sonda öz gücünü göstərdi və torpaqlarını işğaldan azad etməklə tarixi ədalətin bərpasına nail oldu. Azərbaycanın Qələbəsini qəbul edə bilməyən, məğlubiyyətlə barışmaq istəməyən Ermənistan minalanmış ərazilərin xəritəsini qalib ölkəyə təqdim etmir. Yenə də bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. Bu da təbii ki, təcavüzkarın yeni cinayətlər törətməsinə rəvac verir. Lakin bu da çox çəkməyəcək. İnanırıq ki, Azərbaycan yenə də dəmir yumruqla ədaləti bərpa edəcək, terrorçuları yerinə oturdacaq”.
Xətayi Əzizov
AZƏRTAC –ın xüsusi müxbiri
Tbilisi