SİYASƏT
Gürcüstan azərbaycanlıları Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirəcəklər
Bakı, 26 aprel (AZƏRTAC). Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar Gürcüstanın bir çox bölgələrində silsilə tədbirlər keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanlıların Mədəniyyət Mərkəzi bir sıra gənclər təşkilatları ilə birgə Marneulidə Şuşanın işğalına həsr olunmuş tədbir təşkil edəcəkdir. Tədbirdə Şuşanın tarixi, mədəni abidələri, təbii resursları haqqında ətraflı məlumat veriləcək, şəhərin işğalına dair videoçarxlar, bukletlər, kitablar, foto və rəsm əsərləri nümayiş olunacaqdır.
Gürcüstan rəsmilərinin, gürcü və azərbaycanlı ziyalılarının, gənclərin, ictimaiyyətin, KİV-lərin nümayəndələrinin iştirak edəcəkləri tədbirdə Şuşada, eləcə də Azərbaycanın işğal olunmuş digər ərazilərində də tarixi-memarlıq və mədəniyyət abidələrinin dağıdılması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciətin qəbul olunması da nəzərdə tutulmuşdur.