MƏDƏNİYYƏT


Gürcüstan hökuməti Helati Akademiyasının təmiri üçün vəsait ayırıb

Tbilisi, 8 fevral, AZƏRTAC

Gürcüstan hökuməti orta əsrlərə aid Helati Elmlər Akademiyasını təmir etdirmək niyyətindədir. Bunun üçün 767 min 632 lari (təxminən 290 min dollar) həcmində maliyyə yardımının ayrılması nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Gürcüstanın Baş naziri Mamuka Baxtadze müvafiq sərəncam imzalayıb.

Helati Akademiyası Gürcüstanın İmereti bölgəsində, ölkənin ikinci ən böyük şəhəri olan Kutaisi yaxınlığındadır. Helati monastırı Dünya İrs siyahısına daxil edilib.

Orta əsrlərə aid olan və gürcü xristian pravoslav dininin dəyərini ifadə edən Helati monastır kompleksi 1106-cı ildə gürcü çarı Qurucu Davidin təşəbbüsü ilə tikilib.

Monastır kompleksinə ərzaq və su anbarları, dini ibadət yerləri, müşahidə məntəqələri, həmçinin Helati Akademiyası daxildir. Bu akademiyada Gürcüstanın, eləcə də Azərbaycan, Rusiya, Türkiyə və digər ölkələrin xristian dini icmaları üçün ixtisaslı kadrlar hazırlanıb.

Monastırın maraqlı cəhətlərindən biri də ona xüsusi gözəllik gətirən, bura gələn ziyarətçilərin, turistlərin maraqla seyr etdikləri Azərbaycanın qədim mədəniyyətinin incisi Gəncə qapısıdır. Bu qədim mədəniyyət abidəsi XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə usta İbrahim Osmanoğlu tərəfindən hazırlanıb.

Məlum olduğu kimi 1139-cu ildə Gəncədə çox güclü və dağıdıcı zəlzələ baş verib. Zəlzələdən sonra şəhərə qarət məqsədilə hücum etmiş gürcülər Gəncə qapısının bir hissəsini Gürcüstana aparıblar.

Hazırda Gəncə qapısı üstü örtülü olan bir yerdə saxlanılır. Qapının üstündəki yazılar, naxışlar turistlərin və tarixi araşdırmaçıların böyük marağına səbəb olur. Qapının ətəyindəki bəzi hissələr artıq çürüyüb. Qapının ciddi təmir və bərpaya ehtiyacı var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.