Gürcüstan hökuməti fevralın 1-dən sonra ölkəyə gələcək xarici vətəndaşlarla bağlı yeni qərar qəbul edib
AzerTAg.az
Tbilisi, 27 yanvar, AZƏRTAC
Gürcüstan hökuməti fevralın 1-dən müntəzəm aviareyslərin bərpasından sonra ölkəyə gələn şəxslərlə bağlı yeni qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, qərara əsasən Gürcüstana səfər edən xarici ölkə vətəndaşları mütləq qaydada son 72 saat ərzində aparılmış PCR testin nəticəsini təqdim etməli olacaqlar.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, bu qayda koronavirusa qarşı peyvəndin hər iki mərhələsindən keçən şəxslərə şamil edilməyəcək.
Mərkəz rəhbəri qeyd edib ki, Gürcüstana səfər edən şəxslərin bir neçə gündən sonra təkrar PCR testdən keçməsi ilə bağlı tələbin tətbiq olunub-olunmayacağı məsələsi hazırda müzakirə edilir.
Qeyd edək ki, Gürcüstanın uçuşları, ilk növbədə, Avropa İttifaqı, Fars körfəzi ölkələri və İsraillə bərpa edəcəyi gözlənilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Xəbərin mətnində orfoqrafik səhv var