CƏMİYYƏT
Gürcüstan hökuməti ölkədəki dini icmaların maliyyələşməsi üçün 4,5 milyon GEL vəsait ayırıb
Tbilisi, 25 yanvar, AZƏRTAC
Gürcüstan hökuməti dövlət büdcəsindən ölkədəki dini icmalar üçün 4,5 milyon (təqribən 2 milyon dollar) GEL maliyyə vəsaiti ayırıb.
AZƏRTAC xəbər verir ki, bunun 2,2 milyon GEL-i Gürcüstandakı müsəlman icması üçün nəzərdə tutulub.
Gürcüstan Müsəlmanları İcmasının sədri hacı Ramin İgidov bildirib ki, vəsaitin çoxluğu ölkədə müsəlman əhalinin və dini məkanların sayının çox olması ilə əlaqədardır. Hazırda ölkə əhalisinin təqribən 11 faizi İslam dininə etiqad edir.
İcma sədrinin sözlərinə görə, bu vəsait il ərzində dörd dəfəyə veriləcək. Vəsait əsasən din xadimlərinə əmək haqlarının ödənilməsinə, dini məkanların təmirinə, saxlanılmasına, dini təbliğatın təşkilinə, eləcə də xeyriyyə tədbirlərinin keçirilməsinə yönəldiləcək.
R.İgidov qeyd edib ki, il ərzində bu vəsaitin həcmi arta bilər. 2017-ci ildə hökumətin ehtiyat fondundan müsəlman dini icmasına təqribən 300 min GEL ayrılıb. Belə bir artımın bu ildə də olacağı istisna edilmir.
Məlumat üçün bildirək ki, Gürcüstan hökumətinin ayırdığı 4,5 milyon GEL-in 3,5 milyonu Dini Məsələlər üzrə Dövlət Agentliyinin xətti ilə ölkədəki dini icmalar arasında bölünüb. Bölgüyə əsasən erməni xristian icmasına 600 min GEL, Roma katolik icmasına 400 min GEL, yəhudi icmasına isə 300 min GEL vəsait ayrılıb.
Qalan 1 milyon GEL vəsaitin bölgüsü isə sonra aparılacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi