DÜNYA
Gürcüstan hökuməti turizm sektoru üçün vergi güzəştləri tətbiq edib
Tbilisi, 7 iyul, AZƏRTAC
Gürcüstan hökuməti turizm sektorunun inkişafı məqsədilə bu sahədəki kiçik və orta biznes subyektlərinə yardım paketi hazırlayıb. Layihəyə əsasən, Gürcüstanda turizm sektorunda fəaliyyət göstərən kiçik və orta biznes subyektləri 2021-ci il üzrə əmlak vergisindən azad edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən məlumat verilib.
Bildirilir ki, hökumətin güzəşt paketindən 1 200-dən çox vergi ödəyicisi yararlanacaq. Silinən vergi borclarının məbləği təxminən 40 milyon lari (təqribən 13 milyon ABŞ dolları) təşkil edir.
Qeyd olunur ki, hökumətin bu qərarı COVID-19 pandemiyasının səbəb olduğu iqtisadi itkilər şəraitində kiçik və orta biznes subyektlərinə stimullaşdırıcı təsir göstərəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi