DÜNYA
Gürcüstan hökumətinin yeni tərkibi təsdiqlənmək üçün parlamentə təqdim olunub
Tbilisi, 19 fevral, AZƏRTAC
Gürcüstan hökumətinin yeni tərkibi parlamentə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, İrakli Qaribaşvilinin başçılıq edəcəyi hökumətdə iki yeni nazir olacaq.
Gürcüstanın sabiq Baş nazirinin birinci müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili yeni tərkibdə yer almayıb.
Digər yeni nazir isə müdafiə naziridir.
Gürcüstan hökumətində Mixeil Şxenkeli təhsil, elm, mədəniyyət və idman naziri, Levan Davitaşvili ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri, Natia Turnava iqtisadiyyat və dayanıqlı inkişaf naziri, Cuanşer Burçuladze müdafiə naziri, Yekaterina Tikaradze məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri, Qoça Lortkipanidze ədliyyə naziri, İrakli Karseladze regional inkişaf və infrastruktur naziri, David Zalkaliani xarici işlər naziri, İvane Maçavariani maliyyə naziri, Vaxtanq Qomelauri daxili işlər naziri, Tea Axvlediani isə barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri vəzifələrinə namizəd irəli sürülüblər.
Yeni nazirlərin siyahısı artıq parlamentə təqdim olunub. Qanunverici orqanın nazirləri fevralın 22-də təsdiqləyəcəyi gözlənilir.
Qeyd edək ki, hökumətə etimad üçün ən azı 76 deputatın səsi tələb olunur.
Hökumət iki dəfə dəstək əldə edə bilməsə, prezident parlamenti buraxaraq yeni seçkilər təyin edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi