DÜNYA
Gürcüstan iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi artıb

Tbilisi, 10 iyun, AZƏRTAC
Cari ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına 496,6 milyon dollar həcmində birbaşa xarici investisiya qoyulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, birinci rübdə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi 2022-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 13,7 faiz az, həmin ilin dördüncü rübünün göstəricilərindən isə 53,3 faiz çoxdur.
Hesablamalara görə, 2023-cü ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatırın ölkə Hollandiya olub – 239,6 milyon dollar.
İkinci yerdə 63,2 milyon dollarlıq sərmayə ilə Yaponiya, üçüncü yerdə isə 54,7 milyon dollarla Amerika Birləşmiş Ştatları gəlir.
Hesabat dövründə ən böyük birbaşa xarici investisiya emal sənayesi sektoruna qoyulub ki, bu rəqəm 226,3 milyon dollardır. Bu da ümumi birbaşa xarici investisiyaların 45,6 faizini təşkil edir.
İkinci yerdə ticarət sektoru - 90,7 milyon ABŞ dolları, üçüncü yerdə isə 43,3 milyon dollarla nəqliyyat sektoru gəlir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi