İQTİSADİYYAT
Gürcüstan iqtisadiyyatının inkişafında beynəlxalq enerji və nəqliyyat layihələri mühüm rol oynayacaq
Tbilisi, 1 oktyabr, AZƏRTAC
Gürcüstanda 2019-cu ildə 4,5 faizlik iqtisadi artım gözlənilir.
AZƏRTAC xəbər verir ki, Gürcüstan hökumətinin 2019-cu il üçün dövlət büdcəsi layihəsində növbəti illər üçün nəzərdə tutulan inkişaf parametrləri əksini tapıb.
Layihədə iqtisadi artım 2019-cu ildə 4,5 faiz, 2020-ci ildə 5 faiz, 2021-ci ildə 5,5 faiz, 2022-ci ildə isə 6 faiz nəzərdə tutulub.
Cari ildə isə ölkədə ümumi daxili məhsul istehsalının artımı 4,5 faiz nəzərdə tutulub.
Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, Gürcüstanda iqtisadi artım cari ildə 5,5 faiz, gələn il isə 4,8 faiz olacaq.
Gürcüstanın iqtisadi artımında regionda həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də TAP, TANAP, İpək yolu və digər irimiqyaslı layihələrin rolu xüsusi qeyd olunub.
İqtisadçı ekspertlərin fikrincə ölkədə iqtisadi artım üçün daxili istehsalın həcminin artırılması, turizm və ticarət dövriyyəsinin artırılması nəzərdə tutulsa da, əsas mənbə beynəlxalq mənbələrdi.
Bildirilir ki, gələn ildən Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımalarının artımı Gürcüstanda turizmin inkişafına çox müsbət təsir göstərəcək. Bu da turizm gəlirlərinin ən azı 2 dəfə artmasına səbəb olacaq.
Bundan başqa, dünya bazarlarına çıxarılacaq Azərbaycanın karbohidrogen ehtiyatlarının həcminin artması, beynəlxalq yükdaşımalarının həcmində gözlənilən artım da ölkə iqtisadiyyatının inkişafında əsas amil kimi nəzərdə tutulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi