CƏMİYYƏT
Gürcüstan mətbuatında “Borçalı azərbaycanlılarının və gürcülərin 100 illik mübarizə dostluğu” sərlövhəli məqalə dərc olunub
Tbilisi, 25 fevral, AZƏRTAC
“Sakartvelos Respublika” qəzetində yerli azərbaycanlıların Gürcüstanın müstəqilliyindən və bolşevik işğalına qarşı mübarizəsindən bəhs edən məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Borçalı azərbaycanlılarının 100 il əvvəl “qırmızı ordu”ya qarşı mübarizəsindən bəhs olunur.
Bildirilir ki, 1921-ci il fevral ayının 18-19-da Gürcüstanın müstəqilliyi uğrunda “qırmızı ordu”ya qarşı mübarizədə Borçalı azərbaycanlılarının müsəlman süvari dəstəsi də mübarizəyə qoşulub. Dəstənin rəhbəri Yadigarov Gürcüstanın azadlığı uğrunda mübarizəyə azərbaycanlı müsəlmanlarının da hazır olduğunu bəyan edib və onlar güclü və qəddar düşmənlə üz-üzə gəliblər.
Tarixi faktlara əsaslanan məqalədə deyilir ki, 1921-ci il fevral ayının 18-də “qırmızı ordu”nun hissələri Tbilisi yaxınlığındakı Soğanlıq kəndinə hücum edib və həmin gün gürcülər, borçalılılar və digər yerli azərbaycanlılar Tbilisi şəhərinin müdafiəsinə qalxıblar. Məhz azərbaycanlı qardaşlarımızın rəşadəti nəticəsində “qırmızı ordu”nun 1600 əsgəri əsir götürülür. Ancaq “qırmızı ordu” qeyri-bərabər qüvvə ilə gürcülərə qarşı genişmiqyaslı hücuma keçir. Fevralın 24-ü gürcü hökuməti Kutaisi şəhərinə köçürülür.
Bildirilir ki, 1921-ci ildə Borçalı azərbaycanlılarından ibarət dəstə bir həftə ərzində gürcülərlə birlikdə şəhəri qəhrəmanlıqla müdafiə edir. “Qırmızı ordu”nun işğalına baxmayaraq, Borçalı azərbaycanlıları düşmənə qarşı mübarizədə sona kimi Gürcüstana sadiq olublar.
Məqalə müəllifi azərbaycanlıların son illərdə də Gürcüstanın azadlığı və müstəqilliyi yolunda, eləcə də sosial-iqtisadi inkişafında mühüm rol oynadıqlarını xüsusi qeyd edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi