DÜNYA
Gürcüstan müxalifəti prezident seçkiləri ilə əlaqədar yeni koordinasiya şurası yaradır
Tbilisi, 30 oktyabr, AZƏRTAC
Gürcüstanın əsas aparıcı müxalifət partiyaları prezident seçkilərinin ikinci turunda “Güc birlikdədir” blokunun və “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadzeni dəstəkləmək üçün yeni koordinasiya şurası yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunda 10 faiz səs toplamış prezidentliyə namizəd “Avropalı Gürcüstan-Azadlıq Uğrunda Hərəkat” partiyasının lideri David Bakradze söyləyib.
O deyib ki, birləşmiş müxalifətin özünün xüsusi qərargahı var. “İndi əsas məqsədimiz ikinci turda müxalifətin bütün səslərini bir yerə toplamaq, həmçinin də ətrafımıza əlavə seçicilər cəlb etməklə səs çoxluğu qazanmaqdır”, - deyə Bakradze vurğulayıb.
Artıq “Vahid Milli Hərəkat” partiyası Barkradzenin təklifini dəstəkləyib.
Partiyanın fəallarından olan Levan Bejaşvili deyib: “Vahid Milli Hərəkət” partiyası bu təklifi razılıqla qarşılayıb. Biz bu məsələdə digər partiyalarla sıx və fəal əməkdaşlıq edəcəyik”.
Qeyd edək ki, oktyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili 38,64 faiz, “Güc birlikdədir” partiyasının namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıblar.
Gürcüstanda prezident seçkilərinin ikinci turu dekabrın 2-dən gec olmayaraq keçiriləcəkdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi