SİYASƏT


Gürcüstan parlamenti Azərbaycan Milli Məclisi ilə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlıdır

Tbilisi, 26 noyabr, AZƏRTAC

Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin 2018-2020-ci illər üçün strategiya və fəaliyyət planı hazırlanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Gürcüstan parlamentləri arasında əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsinin də yer aldığı fəaliyyət planı noyabrın 26-da ictimaiyyətə təqdim olunub.

Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Sofio Kartsarava təqdimat mərasimində bildirib ki, strategiya və fəaliyyət planının əsas məqsədi komitənin uğurlu fəaliyyətini təmin etməkdir.

Gürcüstanın xarici işlər naziri David Zalkaliani çıxışında deyib ki, bu gün bölgədə və dünyada proseslər dinamik və sürətlə inkişaf edir. Qlobal və regional əməkdaşlığı inkişaf etdirmək, ölkənin milli maraqlarını müdafiə etmək məqsədilə Xarici İşlər Nazirliyi parlamentin xarici əlaqələr komitəsi ilə fəal əməkdaşlıq edir. Nazirlik bu sənədin hazırlanmasında da iştirak edib.

D.Zalkaliani sənədin ölkənin üzləşdiyi bütün çağırışlara uyğun hazırlandığını bildirib. Qeyd edib ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlığı daha inkişaf etdirmək Gürcüstan üçün prioritet olaraq qalır. Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə beynəlxalq təşkilatların parlament assambleyaları çərçivəsində də sıx əməkdaşlıq edirlər. Qeyd olunub ki, Azərbaycan və Türkiyə ilə iqtisadi, ticarət və enerji layihələrinin həyata keçirilməsi məsələsinə xüsusi diqqət yetiriləcək.

Gürcüstan parlamenti bu əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlıdır.

Sənəddə bildirilir ki, Gürcüstan üçün ölkənin demokratik, sabit və təhlükəsiz inkişafını təmin etmək üçün regional əməkdaşlığın gələcəkdə dərinləşdirilməsi və fəal qonşuluq siyasətinin aparılması önəmlidir.

Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə hazırlanan sənəddə Gürcüstanın ərazi bütövlüyünün bərpası, Avropa İttifaqına və Avroatlantik məkana inteqrasiya, ABŞ və beynəlxalq təşkilatlarla əməkdaşlıq, regional tərəfdaşlıq və xarici siyasətin digər prioritet istiqamətləri üzrə nəzərdə tutulan gələcək addımlar və vəzifələr yer alıb.

Təqdimat mərasimində Gürcüstan parlamentinin deputatları, hökumət üzvləri, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.