Gürcüstan parlamenti “Xarici təsir agenti” haqqında qanun layihəsinin əleyhinə səs verib
AzerTAg.az

Tbilisi, 10 mart, AZƏRTAC
Gürcüstan parlamentinin martın 10-da keçirilən iclasında “Xarici təsir agenti” haqqında qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, “Xalqın gücü” hərəkatının təşəbbüsü ilə irəli sürülmüş qanun layihəsi müzakirə olunmadan səsə qoyulub. İclasda iştirak edən deputatlardan 35-i qanun layihəsinin əleyhinə, yalnız biri lehinə səs verib.
Qanun layihəsi ümumiyyətlə müzakirədən çıxarılıb. Parlament binasının qarşısına toplaşan vətəndaşlar layihənin parlamentdən geri götürülməsini alqışlarla qarşılayıb.
"Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının sıralarını tərk edərək "Xalqın gücü" hərəkatını yaradan bir qrup deputat parlamentə "Xarici təsir agenti" adlı qanun layihəsi təqdim etmişdi. Həmin qanun layihəsinə əsasən, gəlirlərinin 20 faizdən çoxu xaricdən formalaşan QHT və media qurumları "xarici təsir agenti" olaraq Dövlət Reyestrinin Milli Agentliyi tərəfindən qeydiyyata alınmalı idi. Layihədə nəzərdə tutulmuş öhdəliyin yerinə yetirilməməsi 25 000 lari cərimə və ya 5 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tuturdu.
Parlamentin qanun layihəsini birinci oxunuşda qəbul etməsi ölkədə kütləvi etirazlara səbəb olmuşdu.
Tbilisi
Xəbərin mətnində orfoqrafik səhv var