DÜNYA


Gürcüstan parlamenti paytaxt Tbilisidə fəaliyyət göstərəcək

Tbilisi, 6 dekabr, AZƏRTAC

Gürcüstan parlamenti yeni reqlament barədə sənəd qəbul edib. Sənədə əsasən parlament Kutaisidən paytaxt Tbilisiyə - Ş.Rustaveli prospekti 8 ünvanına köçürüləcək.

AZƏRTAC xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında yeni reqlament barədə sənəd üçüncü oxunuşda 77 səs lehinə, 2 səs əleyhinə olmaqla qəbul olunub.

Sənədə əsasən, parlamentin sessiyası digər yerdə yalnız qanunverici orqanın Tbilisidəki binasının hansısa səbəbdən fəaliyyət göstərməməsi halında mümkün ola biləcək.

Həmçinin Baş nazirin parlament qarşısında illik və növbədənkənar hesabat və məruzə ilə çıxış etməsi, siyasi debatlarda iştirakı, 7 nəfərdən ibarət deputat qrupunun və fraksiyanın hökumətə, parlament qarşısında hesabat verməli olan digər dövlət strukturlarına birbaşa müraciət etmək və ya onları parlamentə hesabat verməyə dəvət etmək hüququ və digər məsələlər də nəzərdə tutulub.

Parlamentin Kutaisi şəhərindəki binasında regional polis şəbəkəsinin yaradılması planlaşdırılır.

Qeyd edək ki, qonşu ölkənin qanunverici orqanı 2012-ci ilin oktyabrından Kutaisidə fəaliyyət göstərir. 2014-cü ildən parlamentin komitə iclasları Tbilisidəki binada keçirilir.

Yeni reqlament prezidentin andiçmə mərasimindən sonra qüvvəyə minəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.