CƏMİYYƏT


Gürcüstan parlamentində burka və niqabdan istifadəni qadağan edən qanun layihəsi müzakirədən çıxarılıb

Tbilisi, 22 yanvar, AZƏRTAC

Gürcüstan parlamentinin insan haqları və vətəndaş inteqrasiyası komitəsinin iclasında müsəlman xanımların burka və niqabdan istifadəsinə qadağanı nəzərdə tutan qanun layihəsi müzakirədən çıxarılıb.

AZƏRTAC xəbər verir ki, müzakirələr zamanı Gürcüstan Müsəlmanları İdarəsinin dindarları və digər siyasi analitiklər bildiriblər ki, hazırda ölkədə, eləcə də ölkəyə gələnlər arasında burka və niqabdan istifadə edən xanımlara çox az-az hallarda rast gəlinir. Belə olan halda bu məsələni qabartmağa və bununla bağlı ayrıca qanun layihəsi hazırlamağa ehtiyac yoxdur.

Gürcüstan Müsəlmanları İdarəsinin sədri hacı Ramin İgidov deyib ki, əvvəlcə parlamentdə burka və niqabla yanaşı, çadra və hicabdan istifadənin qadağan edilməsi və bunlardan istifadə edən qadınlara qarşı cəzaların tətbiqi məsələsi də var idi. O zaman bildirdik ki, müsəlman xanımlarının çadra və hicabdan istifadə etmələri onların sitayiş etdikləri dinlərdən, geyim tərzlərinin müxtəlifliyi isə fərqli düşüncə, seçim və mədəniyyətdən irəli gəlir.

Örtünmək İslamın qanunu olduğu kimi digər dinlərdə də var. Çadraya bənzər geyim tərzinə xristian və yəhudi dinlərində də rast gəlinir. GMİ sədri əlavə edib ki, niqab və burkanın qadağan olunması ilə bağlı qanun qəbul olunarkən onun insan haqları, din və inanc azadlığına qarşı olmasına imkan verilməməlidir.

Müzakirələr zamanı çıxış edən deputatlar bildiriblər ki, Gürcüstanda insanlar multietnik cəmiyyətdə yaşayır və bir-birilərinin hüquqlarına hörmətlə yanaşırlar. Buna görə də bu cür məsələlərin müzakirəsi zamanı çox ehtiyatlı olmaq lazımdır.

Eyni zamanda bildirilib ki, qanun layihəsinin qəbulu insan haqları, ifadə və inanc azadlığını məhdudlaşdıracaq.

Sonda çadra və hicabla yanaşı, burka və niqabla bağlı məsələ də müzakirədən çıxarılıb.

Məlumat üçün qeyd edək ki, “Vətənpərvərlər Alyansı” partiyasının deputatı Emzar Kvitsiani Gürcüstanda çadra, hicab, burka və niqabın ləğvi, eləcə də bu geyim formalarına görə cəzaların tətbiqini nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Onun fikrincə bu cür geyimlər şəxsiyyətin müəyyən olunmasına imkan vermir və terrorçuluq təhlükəsi yaradır.

Qanun layihəsində meydan, park, bütün ictimai nəqliyyat vasitələrində və digər ictimai yerlərdə niqab və burkadan istifadəyə görə 500 lari (188 dollar), təkrar istifadəyə görə isə 1500 lari (563 dollar) məbləğində cərimə nəzərdə tutulub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.