SİYASƏT


Gürcüstan parlamentinin deputatı: Təxribatçı əməlləri ilə Ermənistan rəhbərliyi işğalçı mahiyyətini ortaya qoyur

Tbilisi, 13 iyul, AZƏRTAC

Azərbaycan regionda tək deyil. Biz, beş yüz minə yaxın Gürcüstan azərbaycanlıları bütün imkanlarımızla Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yanındayıq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin deputatı Azər Süleymanov söyləyib.

Ermənilərin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində törətdiyi təxribatı qətiyyətlə pisləyən deputat deyib: “Ermənistan silahlı qüvvələri zaman-zaman Azərbaycan ərazilərini, xüsusilə də mülki vətəndaşları hədəf götürən hücumlar reallaşdırır, təxribatlar törədir. Azərbaycan Ordusu bu cür təxribatların qarşısını ləyaqətlə alır və düşmənə layiqli cavab verir. Biz bilirik ki, regionun ən güclü silahlı qüvvələrindən olan Azərbaycan Ordusu son 30 ildə işğal atından olan torpaqları azad etməyə qadirdir. İnanırıq ki, tezliklə Azərbaycan Ordusu düşməni yerinə oturdacaq və biz qələbə bayramını qeyd edəcəyik”.

Onun sözlərinə görə, ermənilər təkcə Azərbaycan və azərbaycanlılara qarşı deyil, Gürcüstanda, xüsusən də Abxaziya və Axalkələkidə çoxsaylı təxribatlar törədiblər. Bu cür təxribatçı əməlləri ilə Ermənistan rəhbərliyi istənilən halda təcavüzkarlığını və işğalçı mahiyyətini ortaya qoyur. Ona görə də, qətiyyətlə deyə bilərəm ki, Ermənistan regionda hərbi-siyasi eskalasiyaya görə məsuliyyət daşıyır.

A.Süleymanov bildirib ki, Ermənistanda uzun müddətdir davam edən sosial-iqtisadi problemlər, koronavirus pandemiyası ilə mübarizədə hökumətin son dərəcə qeyri-peşəkar addımlarının yaratdığı böhranlı vəziyyət hakimiyyəti avantürist addımlar atmağa sövq edir. Ermənistan xarici siyasətdə də çox ciddi uğursuzluqlara düçar olur. Bütün bunlar isə Paşinyan və komandasının ölkədə nüfuzunun sürətlə azalmasına gətirib çıxarır. Təəssüf ki, Ermənistanda hakimiyyət dəyişsə də işğalçı dövlətin mahiyyəti dəyişməyib. Həmişə olduğu kimi, mürəkkəb vəziyyətlərdə hərbi avantüralara əl atırlar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.