QAN YADDAŞI
Gürcüstan portalları Xocalı soyqırımından yazır
Tbilisi, 26 fevral, AZƏRTAC
Gürcüstanda geniş oxucu kütləsinə malik Newsday.ge saytında Xocalı soyqırımından bəhs edən “Soyqırımı və milli matəm mitinqi” sərlövhəli məqalə verilib.
AZƏRTAC-ın Gürcüstan bürosunun və Azərbaycanın Tbilisidəki səfirliyinin birgə təşəbbüsü ilə yayılan məqalədə oxuculara Xocalı faciəsi barədə ətraflı məlumat verilir. Erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini yer üzündən sildikləri qeyd olunur. Bildirilir ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb.
Məqalədə vurğulanır ki, bu qətliamı törətməklə ermənilərin iç üzü bir daha hamıya aydın oldu. Bu, sadəcə bir müharibə deyil, insanların dini və milli mənsubiyyətinə görə qətliamı idi. Dünya birliyi buna lazımi siyasi-hüquqi qiymət verməlidir.
Gürcüstanın Apsny.ge portalı da Xocalı soyqırımı haqqında məqalə yayıb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin hazırladığı məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə məlumat verilir. Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə ermənilərin Xocalını tamamilə dağıtdıqları uşaqlar, qadınlar, ahıllar da daxil olmaqla yüzlərlə mülki insanı xüsusi qəddarlıqla qətlə yetirdikləri diqqətə çatdırılır.
Məqalədə Xocalıda törədilmiş cinayətin Ermənistanın davamlı zorakılıqlarının tərkib hissəsi olduğu bildirilir. Vurğulanır ki, bu da Ermənistanın təcavüzkar siyasətinin əsasını təşkil edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi