CƏMİYYƏT


Gürcüstan qəzetində azərbaycanlı alimin monoqrafiyası dərc olunub

Tbilisi, 17 yanvar, AZƏRTAC

Gürcüstanın “Sakartvelo Respublika” qəzetində azərbaycanlı alim, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Ginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Fatma Hacıyevanın “Marneulidə böyümüş alimin dəyərli kitabı” adlı monoqrafiyası dərc olunub.

AZƏRTAC xəbər verir ki, gürcü dilində nəşr olunan kitabda zahılıq dövrünün infeksion iltihabi ağırlaşmalarının erkən proqnozlaşdırılması və profilaktikasının müasir aspektlərindən bəhs olunur.

Fatma Hacıyeva bu elmi işini Azərbaycanın Zəfər Gününün birinci ildönümünə həsr edib.

Müəllifin uzunmüddətli və gərgin elmi-praktiki əməyinin bəhrəsi olan kitabda zahı qadınlarda infeksion proseslərin gedişatı, klinikası, risk faktorları, müayinə və müalicə tədbirlərinin tədqiqi əksini tapıb. Kifayət qədər böyük xəstə qrupu üzərində aparılan tədqiqat işinin elmi əsaslandırılması məqsədilə riyazi statistika üsullarına əsasən hesablama və təhlillər qurulub.

F.Hacıyeva tibbi biologiyada məlum olan yeni metod - Raman spektroskopiyası vasitəsilə həmin qrup qadınlar üzərində infeksion proseslərin tədqiqi istiqamətində yüksək nəticələr əldə edib. Müəllif yüksək effektivlik və informativlik, eləcə də qeyri-invazivlik baxımından bu metodun zahı qadınlarda infeksion, iltihabi proseslərin təyin edilməsində tətbiqinin məqsədəuyğunluğunu təsdiqləyib.

Kitab elmi monoqrafiya olaraq, mamalıq və ginekologiyanın aktual məsələsi olan doğuşdan sonrakı ağırlaşmaların profilaktikasına həsr edilib. Monoqrafiya elmi yeniliyi, praktik əhəmiyyəti baxımından müasir mama-ginekoloqlar, eləcə də tibb sahəsində ali və orta ixtisas təhsili alan tələbələr üçün nəzərdə tutulub.

Kitab gürcü mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Gürcüstanın müvafiq elmi-tədqiqat qrupları monoqrafiyanın dərs vəsaiti kimi nəşr olunmasını məqsədəuyğun hesab ediblər.

Bu kitab tibb sahəsində müasir dövrdə zahılıq dövrünün infeksion iltihabi ağırlaşmalarının erkən proqnozlaşdırılması və profilaktikası ilə bağlı problemlərin həllində, xəstəliklərin qarşısının alınması və müalicəsi sahəsində çox mühüm qiymətli elmi mənbədir.

Qeyd edək ki, Fatma Rasim qızı Hacıyeva 1979-cu il sentyabrın 15-də Gürcüstanın Marneuli şəhərində anadan olub. O, 1985-1995-ci illərdə Bakı şəhəri Səbail rayonu 7 saylı məktəbdə təhsil alıb. 1995-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub, 2001-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.

Alim 2020-ci ildən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında mamalıq ginekologiya fənnini tədris edir. Elmi-Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun Elmi Şurasının üzvüdür. İki dərs vəsaiti, 60-dan çox elmi əsərin müəllifidir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.